Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyununda Zaqrebdə Xorvatiya klubu “Dinamo”ya 0:3 hesabı ilə məğlub olan “Qarabağ”ın qrupa düşmək şansı sensasiyaya qalıb.

Futbolinfo.az saytı xəbər verir ki, Azərbaycan çempionunun yenidən Avropa Liqasının (AL) qrupunda mübarizə aparmaq ehtimalı daha yüksəkdir. Ağdam təmsilçisi Bakıdakı matçda geridönüş edə bilməsə, avqustun 30-da Avropa Liqasının qrup mərhələsinin püşkatmasına qatılacaq.

Püşk zamanı komandalar hərəsi 9 komandadan ibarət 4 səbətə bölünəcək. İndiki durumda “Qarabağ” 3-cü səbətin ən reytinqli ikinci komandası hesab edilir. Qurban Qurbanovun yetirmələrinin aktivində 33,000 xal var. Ancaq təmsilçimiz 2-ci səbətdə də qərarlaşa bilər. Bunun üçün isə daha reytinqli klublardan minimum ikisi bu turnirin qrupuna düşməməlidir.

Bir sözlə, “Ayaks”, “Braqa”, PAOK, LASK, “Makkabi” (Təl-Əviv) və “Ferensvaroş” kimi klublardan ikisinin AL-in pley-offunda uğursuzluğuna ümid etmək lazımdır. ÇL-in pley-offunda mübarizə aparan “Lill”in qitənin ən reytinqli turnirində yoluna davam etməsi də, “Qarabağ”a kömək ola bilər.

Avropa Liqasının qrupunda yer alacağı dəqiq olan komandalardan “Roma”, “Mançester Yunayted”, “Portu”, “Reyncers”, “Ayntraxt”, “Latsio”, “Tottenhem”, “Real Sosyedad”, “Alkmar”, “Olimpiakos” və Lion “Olimpik”i Azərbaycan çempionundan daha yüksək reytinqə malikdirlər. Bu turnirin qrupunu gözləyən “Atletik”, “Hoffenhaym” və “Nitsa”nın isə reytinqi aşağıdır.

Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə cavab oyununu avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Shares: