“Neftçi” üçbaşlı əjdaha kimidir. Amma bu əjdahanın baş(lar)ı özünə qarışıb, təhlükə mənbəyi deyil. Klub başqaları üçün qorxuncluğunu itirib, başlar bir-birini yeyir, hərəsi gövdəni bir tərəfə dartır.

Paytaxt klubunun Müşahidə Şurasında daha kimlər yoxdur ki? Hər cür vəzifə sahibi burada təmsil olunur. Böyük əksəriyyətinin futbolla yaxından-uzaqdan əlaqəsi yoxdur, zatən idarəetmələrindən də bilinir. Təhsil naziri Emin Əmrullayevin rəhbəri olduğu basketbol federasiyasından Fərrux Mahmudovu bura gətirməsindən, bacarıqsızlığı sübut olunan kimi geri qaytarmasından xəbərdarsız. “Neftçi”də baş icraçı direktor olarkən də Fərrux bəy gününün böyük hssəsini basketbola həsr edirdi, klubda 1-2 saat keçirirdi. İşdən çıxarılan kimi də federasiyada təntənəli təyinatı gerçəkləşdi.

Klub o qədər “möhtəşəm” idarə olunur ki, 32 milyon manatlıq büdcə yetməyib, daha bir neçə milyon borc götürülüb, əməkdaşlıq etdikləri, amma borcunu verə bilmədikləri supermarket ərzaq təminatını dayandırıb. Rəhbərlik də çıxış yolunu nahar yeməyini ləğv etməkdə, narazı əməkdaşları qovmaqda görüb. Yüzminlər qatlayan vəzifə sahiblərinin hərəsi bir məmurun adamıdır, güc onlara yox, sıravi işçilərə çatır.

Kəsəsi, Müşahidə Şurasındakılar klubun mənafeyini düşünmür, öz adamlarını vəzifələrə bölüşdürməklə məşğuldurlar. Bu qədər “gərgin” çalışmağın nəticəsidir ki, klub ən böyük büdcəsi olduğu mövsüm avrokuboklara vəsiqə qazana bilmədi, “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev onların hamısını bircə hakim Elçin Məsiyevin əli ilə qatlayıb cibinə qoydu. İndi isə yeni məşqçi, yeni transferlər və… 3 tura 2 xal var.

İdman direktoru isveçli Yens Andersson, baş icraçı direktor türkiyəli Cenk Sümər, baş məşqçi ukraynalı Roman Qriqorçuk – onların hərəsinin öz day-dayı var, hamısına müəyyən iş payı verilib və maaşlarını alırlar. Əslində, onlara bir-birinin işinə qarışmamaq üçün sərhədlər də qoyulub, lakin hamı klubu öz bildiyi kimi idarə etdiyindən, kommunikasiya pozulur, maraqlar üst-üstə düşür və böhran yaranır. Əjdahanın başları bir-birinin qabağından oğurlayıb yediyi üçün bədən “partlamaya düşüb”.

***

İki əcnəbi baş məşqçini yola salan indiki “Neftçi rəhbərliyi bütün ümidini Roman Qriqorçuka bağlayıb. Ukraynalı çalışdırıcı da uğrusuz gedişə son qoymasa, artıq idarəçilər birbaşa hədəf olacaq.

Elə bu səbəbdəndir ki, 3 tur ərzində qələbə qazana bilməyən Qriqorçukun qorunması kampaniyası başlayıb. Dünən “Neftçi”nin media koordinatoru Rüstəm Əfsərlinin keçirdiyi mətbuat konfransının məramı da fərqli deyildi. Klubun maliyyəsinin üstündə “əyləşənlər”, yarıtmaz fəaliyyəti ilə klubu avrokubokdan kənar qoyanlar, cari mövsümdə də xoşagəlməz nəticələrin səbəbkarı olanlar onu qalxan kimi irəli vermişdi.

Kamil Məmmədov, Zaur Əzizov, Cenk Sümər, Yens Andersson və başqaları kölgəyə çəkilərkən, onların günahlarının üstünü örtmək üçün həmkarımız jurnalistlər önünə çıxmışdı. Baxmayaraq ki, Əfsərli başqalarının yox, məhz özünün media önünə çıxmağını vəzifə borcu kimi qələmə verdi.

Əfsərli çox şeydən danışdı, amma heç nə demədi. Problemlərin səbəbi yenə gizli qaldı, vaxt istəndi, vəd verildi.

“Neftçi”nin bu qədər müzakirə olunması səbəbsiz deyil. Çünki klub birbaşa dövlət şirkətindən maliyyələşir. Özünün sponsoru olan digər klublar kimi bakılılar da 3 milyon manatlıq yardımı alır. Amma “Neftçi” maliyyəsinin qalan hissəsini də SOCAR-dan təmin edir. Eyni qayğı digər klublara göstərilmr, tarixi klub kimi “Neftçi” fərqləndirilir, bu səbəbdən nəticə verilməyəndə hamının yemək üçün qarmaq atdığı klub müzakirə obyekti olur.

Rüstəm bəyin konfransında iki futbolçu ilə bağlı sual klubun sirri kimi saxlanıldı. Elə məhz onlar “Neftçi”də başverənlərin əsas səbəbidir. Bütün problemlər oyunçu keçidlərində, transferlərdə pulu bölə bilməməkdədir. Xüsusilə legionerlər müxtəlif idarəçilər arasında sayla bölündüyündən maraqlar toqquşur.

Qara Qarayevin yola salınmasının da səbəbi əcnəbidir. Edvin Kuç komandaya idman direktoru tərəfindən gətirilib. Qriqorçuk Anderssonun kadrını bəyənmir, onu komandaya faydasız hesab edir və yeni dayaq yarımmüdafiəçisi istəyir. Amma AFFA-nın hazırkı, “Neftçi”nin sabiq rəhbəri Rövşən Nəcəfin kadrını kimsə kənara itələyə bilmir. Yensin oyunçusu heyətdə qalmalı və başqa biri gəlməlidirsə, Qarayev qurban verilməlidir. Baş məşqçi özü də etiraf edir ki, Qaranı oynatmayacağını özünə deyib, amma onu əvəzedici komandaya rəhbərlik göndərib. Niyə? Legionerlərə heyətdə yer, büdcədə maliyyə təmin etmək üçün yarımmüdafiəçini küsdürüb göndərməyə çalışırlar.

Brayan Morenonun himayədarı da Anderssondur. Bu futbolçunu zədəli adı ilə oynatmırlar və 3 aydır zədəsinin səbəbini tapa bilmirlər. Bu fakt göstərir ki, ya klubun həkimləri də işbacarmazdır, ya da zədə saray oyunlarında göstərilən bəhanədir.

Mətbuat konfransında bu iki futbolçunun adı çəkilib, amma heyət üzü görməyən Alfa Konte də var. Andersson onun klubuna və özünə yarım milyon dollar xərclətdirib. Amma əjdahanın digər başından qidalanan Qriqorçuk bu futbolçuya oynamaq imkanı vermir.

İsveçli bu oyunçuların transferində günah sahibi olduğu üçün Lukas Melanonu qovdurmağa nal ola bilmir. Müşahidə Şurasının əlaqələndiricisi olan Kamil Məmmədovun yarıtmaz kadrı məhz digərləri heyətdə olduğu üçün saxlanılır. Andre Şinyaşiki və digərləri kimi o da sırf idman direktorunun həmlələrinə cavab olsun deyə saxlanılır.

Qriqorçuku gətirən Zaur Əzizov məşqçi ilə bir cəbhədədir. O da Kuç, Melano və digərlərindən narazıdır, məşqçi ilə birlikdə öz transferləri üçün yer tələb edirlər. Qriqorçukun seleksiya qrupundan danışması, onların təklif etdiyi oyunçularla işləməyə məcbur olmasını dilə gətirməsi əbəs deyil.

Hələ Sümər də var. O da ilk başda bir neçə futbolçunun transferinə çalışdı, hətta komandaya baş məşqçi gətirmək istədi. Ona xəlvətdə anlatdılar ki, bu bazar üçün hələ bişməyib. Amma türkiyəli sakit dayanası deyil, indiki durum onun işinə yarayır, fiaskonu gözləyir ki, hücuma keçsin. O, hələ sərxoş Yur Matiası barlardan toplamaqla məşğuldur.

***

İndi köhnə qurdlar pul bölsün, Əfsərli isə mətbuat konfransı keçirsin, özünü oda atsın, günahkarları müxtəlif gəlişigözəl sözlərlə təmizə çıxarsın. Qriqorçukun azarkeşlərdən, mətbuatdan yox, klub daxilindəki ünsürlərdən qorunması lazımdır. Kamil Məmmədov məhəllə futbolundan tanıdığı dostlarını müxtəlif şöbələrdə fərqli postlara təsadüfən təyin etdirməyib. O, kimin harada nəfəs aldığından belə kadrları vasitəsi ilə xəbərdardır. Bu şəxs öz hamilərini də zərbə altında qoyur, klubu da. Kamil “Neftçi”dən getməyənədək kimsəyə rahatlıq yoxdur. Layiq olmadığı məbləği alsa da, Andersson Məmmədovdan daha faydalı fiqurdur – amma yalnız Məmmədovdan.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp