“Gənc komanda olmağımızın müsbət tərəfləri çoxdur. Hər matç özümüzü sübut etmək üçün daha aqressiv oynamaq məcburiyyətindəyik. Bunun bəhrəsini önümüzdəki oyunlarda görəcəksiniz”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in futbolçusu Rüfət Abdullazadə deyib.

Yarımmüdafiəçi son turda, “Sumqayıt”la oyunda məğlubiyyətə layiq olmadıqlarını bildirib: “Sumqayıt”la oyuna yaxşı başlamışdıq. Son dəqiqələrdə buraxdığımız qol bizi çox üzdü. Çünki məğlubiyyətə layiq deyildik. Geridə qalan turların hər birində yaxşı futbol sərgiləyən, hücum oynamaq istəyən komandaydıq. Pis çıxış etdiyimizi düşünmürəm. Məncə, yeni komanda olduğumuz üçün bir-birimizi tanımağa 3-4 həftə vaxt lazım idi. Artıq “Kəpəz”lə matçda daha yaxşı olub, qələbə qazanmaq istəyirik. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Bu dəfə də meydanda əlimizdən gələni edəcəyik”.

Abdullazadə bu mövsüm üzərində daha çox çalışaraq, milli komandanın şərəfini qorumaq niyyətində olduğunu da bildirib: “Bu mövsüm hədəflərim böyükdür. Üzərimdə çalışıb, komandama daha çox xeyir vermək və milli komandanın şərəfini qorumaq istəyirəm”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp