Zaur Axundov eyni vaxtda iki federasiyanın prezidenti olmağa davam edir. İllərdir Futzal Federasiyasına rəhbərlik edən bu şəxs yaxınlarda Naxçıvan Futbol Federasiyasına da rəhbər seçilib.

Futbolinfo.az xəbər verir ki, qardaşının prezident olduğu “Araz-Naxçıvan” klubunun da faktiki idarəçisi olan Zaur bəyin iki federasiyada iş başında olması doğru deyil. Onun Naxçıvanda rəhbər seçilməsindən sonra futzal təsərrüfatından çəkiləcəyi gözlənilirdi. Amma AFFA-da işlər o qədər baş-ayaqdır ki, indiyədək ona postlardan birini təhvil verilməsi xatırladılmayıb da.

Axundovun qərarını öyrənmək üçün Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq: “Federasiyada seçkilər sonuncu dəfə 2021-ci ildə keçirilib. Prezident 4 il müddətinə seçilir. Növbəti seçki 2025-ci ilin iyulunda keçiriləcək. İki federasiyada rəhbər olmaq məsələsinə, Futzal Federasiyasinin Nizamnaməsində bunu qadağan edən hansısa maddə, bənd yoxdur. Bu səbəbdən hazırda gündəmdə elə bir məsələ yoxdur”.

Mahal bəy düz deyir. İllərlə Nizamnamələr elə “qaydaya salınıb” ki, bir şəxsin bir neçə vəzifə tutmaq imkanı var. Heç Naxçıvan Futbol Federasiyasının, hətta AFFA-nın da Nizamnaməsində belə qadağa yoxdur. Amma…

…Amma bu federasiyalar AFFA-nın Konfranslarında səs hüququna malikdir. Assosiasiyanın yaradıcıları olan federasiyalar qərarların qəbul olunmasında müstəsna rol oynayır. Deyək ki, yaxınlarda Növbədənkənar Konfrans çağırıldı. Məhz orada qanunsuzluq, qanunlardakı boşluq çılpaqlığı ilə üzə çıxacaq. Axundov səs verərkən iki federasiyanın əvəzində səs verməli olacaq, deməli, əlində mandat hər iki əlini qaldırmalı olacaq.

Zaur bəyə kreslolar şirin görünə bilər, amma AFFA rəhbərliyi bu əcaibliyi görməlidir. Qurumun mətbuat xidmətinə xaosa aydınlıq gətirilməsi üçün müraciət etmişik, cavab gözləyirik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp