Dünya idmanından təcrid edilmiş Rusiya müxtəlif yollarla turnirlər təşkil etmək və beynəlxalq təcrübəni azalmasının qarşısını almağa çalışır. Belə addımlardan biri də “Dostluq kuboku” adında basketbol turnirinin təşkilidir. Yarışlarda 4 komanda iştirak edir ki, onlardan da biri Kolumbiya yığmasıdır.

Dünən turnirin ilk oyununda Perm şəhərinin “Parma” komandası Kolumbiya yığması üzərində 155:53 hesablı qələbə qazanıb. Təsəvvür edin ki, permlilər ilk periodu 41:2 hesablı üstünlüklə başa vurublar. Cənubi Amerika millisinin belə zəif olması dərhal ictimaiyyətin normal insanları arasında şübhələr yaradıb. Həqiqətən də “Parma” komandasının səviyyəsinin “Dream-team”i ötməsi bir sıra suallara yol açıb.

Nəticənin mətbuatda yayılmasından sonra Kolumbiya Basketbol Federasiyası bəyanatla çıxış edib. Onlar heç bir dəvət almadıqlarını, heç bir milli komandanı Rusiyaya yollamadıqlarını və bununla bağlı məhkəməyə müraciət edəcəklərini elan ediblər.

Əlavə edək ki, araşdırmadan sonra turnirdə iştirak edən basketbolçuların əksəriyyətinin adi həyət meydançalarında oynayanlar olduğu müəyyən edilib.

Beləliklə, Rusiya idmanı küçədə oynayan yarıhəvəskarlara möhtac durumundadır. Bu gedişlə Şimali Koreyada futbol üzrə yığmanın Portuqaliya üzərində qələbə qazanma xəbəri Rusiyada edilənlərin yanında daha ibrətli görünəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp