“Bayern” yeni mövsümdən etibarən multimedia meydançasında oynayacaq.

Münhendəki “BMW Park Arena” idman tədbirlərini, o cümlədən basketbol matçlarını innovativ bir əlavə ilə gücləndirməyə hazırlaşır. Bu, daimi əsasda quraşdırılmış videoşüşə döşəmədir.

Klubdan verilən məlumata görə, quraşdırma işlərinə artıq start verilib və yeni döşəmə üzərində artıq məşqlər edilir. Tezliklə səlahiyyətli orqanlardan lazımi razılığın alınması gözlənilir. Quraşdırıcı şirkət “ASB GlassFloor” ilə əməkdaşlıq 2030-cu ilə qədər davam edəcək.

“Keçən il ilk oyunda video döşəmədən həzz aldım, bu, həqiqətən gözəl təcrübə idi. Belə meydançada oynamağa öyrəşmək çox rahatdır”, – deyə “Bayern”in müdafiəçisi Andreas Obst klubun rəsmi saytına bildirib.

FIBA tərəfindən təsdiq edilmiş və 2022-ci ildə qaydalarına daxil edilmiş LED parket bir çox üstünlüklərə malikdir. O, reklam kampaniyaları və müxtəlif idman növləri üçün istifadə oluna bilər və meydançadakı cizgilər üçün əlavə edilən lentlərə ehtiyacı aradan qaldıracaq. Bu da basketbolçuların zədələrinin qarşısını almaqda müəyyən qədər rol oynayacaq.

Bundan əlavə, döşəmə oyunçunu izləmə funksiyaları ilə təchiz olunub ki, bu da statistikanı və idman nailiyyətlərini real vaxt rejimində birbaşa meydançanın səthində nümayiş etdirməyə imkan verir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp