Azərbaycan yığmasının sabiq futbolçusu Vidadi Rzayevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzacağını gözləyirdiniz? Sizcə, böyükhesablı məğlubiyyətə nə səbəb oldu?

– Əlbəttə ki, “Qarabağ”ın Xorvatiyadan 0:3 hesablı məğlubiyyətlə dönəcəyini gözləmirdim. Bu nəticə heç kimin ağlına gəlməzdi. Desək ki, böyükhesablı məğlubiyyət təcrübəsizlikdən irəli gəldi, yalan olar. “Qarabağ”ın yetərincə avrokubok təcrübəsi var, komanda neçə illər ərzində Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərində çıxış edib. Sadəcə, bir balaca boşluqlar buraxdılar. “Dinamo” 1:0 hesabı ilə öndə olarkən təkcə birinci hissədə “Qarabağ”ın tarazlığı bərpa etmək üçün iki real qol şansı oldu, amma imkanlardan istifadə edə bilmədilər. Fasilədən sonra da ələ düşən qol fürsətlərini boşa verdik. Bir də “Dinamo” əks-hücumlarda çox kəsərlidir. Əsl əks-hücum komandasıdır. Statistika da göstərdi ki, “Qarabağ” bütün komponentlərdə “Dinamo”dan üstün oynadı. 0:3 hesablı məğlubiyyətin əvəzini Bakıda necə çıxacaqlarına gəlincə, inşallah, “Ludoqorets”lə səfərdəki nəticənin davamı gələr və mərhələ keçən “Qarabağ” olar.

– “Qarabağ” əldə etdiyi qol vəziyyətlərindən istifadə edə bilsəydi, Xorvatiyadan qələbə ilə qayıtmaq mümkün olardı?

– “Qarabağ” ilk qolu buraxdıqdan sonra çoxlu qol vəziyyəti yaratdı. Andrade və Juninyonun fərqlənmək üçün yüzfaizlik şansları oldu, amma istifadə edə bilmədilər. “Qarabağ” fasiləyədək hesabı bərabərləşdirə bilsəydi, ikinci hissə bu cür olmayacaqdı. İkinci yarının ilk 15 dəqiqəsi də tam olaraq “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Heç olmasa o ərəfədə bir qol vura bilsəydik, komandamız Zaqrebdən qalibiyyətlə ayrılardı. “Qarabağ” yalnız son 15 dəqiqədə üstünlüyü əldən verdi. Böyük qüvvə ilə hücuma atıldılar, nəticədə ardıcıl 2 qol buraxdılar. Hətta son dəqiqələrdə rəqibin dirəkdən qayıdan topu və digər imkanları oldu. Yəni daha böyük hesablı məğlubiyyət də qeydə alına bilərdi. 75-ci dəqiqədə ikinci qolu buraxdıqdan sonra “Qarabağ” heç olmasa, fərqi azaltmaq üçün hücuma atıldı. Amma istəyimizə çata bilmədik. Əfsuslar olsun ki, komandamız səfərdən 0:3 hesablı məğlubiyyətlə döndü.

– Cavab görüşündə “Qarabağ”dan möcüzə gözləməyə dəyər? Bakıdakı matçdan gözləntiniz nədir?

– Futbol möcüzələrlə, sensasiyalarla doludur. Bakıda “Ludoqorets”ə 1:2 hesabı ilə uduzandan sonra komandamızın səfərdə 7 qol vuracağını heç kim gözləməzdi. Arzu edək ki, həmin möcüzə bir də reallaşsın. İnşallah, qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” olar. Ümid edirəm ki, komandamız Bakıda azarkeşlərin dəstəyi ilə istəyinə çatacaq.

– Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində bu gün Kiprdə “Omoniya”nın qonağı olacaq “Zirə”nin şansını necə dəyərləndirirsiniz?

– Açığı, “Omoniya”nın oyununa bələd deyiləm. Amma pley-offa qədər gəlib çıxıbsa, deməli, yaxşı komandadır. “Zirə” də yüksəlişdədir. Doğrudan da, “Zirə” hazırda könüloxşayan, yaxşı oyun nümayiş etdirir. Uğurlu transferlər edərək komandanı tam komplektləşdiriblər. İlk matçdan sonra şanslarla bağlı daha dəqiq fikir söyləmək olar. İnşallah, qrupa vəsiqə qazanan “Zirə” olar. Avrokuboklarda çıxışını davam etdirən hər iki komandamıza uğurlar arzulayıram.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp