0:6 “Zirə”yə yaraşmadı. Bu mövsüm oyunu ilə ümid verən, möhkəm komanda təsiri bağışlayan “qartallar” “Omoniya” qarşısında əlacsız uşaq kimi idi.
Əslində, bu oyunadək təmsilçimizin statistikası əla idi. Qəsəbə təmsilçisi avrokubokda keçirdiyi 3 səfər matçının heç birində uduzmamış, ikisində qələbə qazanmışdı. Eyni uğura Kiprdə də imza atmaq mümkün idi. “Omoniya” yüksək klassa malik ultra səviyyəli komanda deyil.
Amma “Zirə”nin cərimə zərbəsindən buraxdığı qol, daha sonra təyin olunan penalti göstərdi ki, darmadağından qurtulmaq üçün möcüzə lazımdır. Meydan sahiblərində hər şey alınırdı, bizimkilər isə sanki ardıcıl oyunların yorğunluğundan əziyyət çəkirdi. Yüksək tempə ayaq uydura bilməyən qonaqlar beləcə ardıcıl qollar buraxdı və Bakıdakı cavab görüşü formallığa çevrildi.
Bu matç həm də Premyer Liqada rəqabətin Avropa futbolunun səviyyəsindən nə qədər uzaq olduğunu göstəri. Azərbaycanda müdafiəsi barmaqla göstərilən “Zirə” Kiprdə bu mövsüm keçirdiyi 8 oyunda buraxdığı qolların cəmindən çox məyus oldu. Rəqib Rəşad Sadıqovun oyun qurğusunu standartlar zamanı pozdu və futbolçuların ruhdan düşməsini bağışlamadı.
Bakıda revanşın mümkünlüyünü düşünənlər ümidlənməsin. Rəqib “Zirə”nin dünənədək qarşılaşşdığı rəqiblərdən bir baş üstündür və qəsəbə təmsilçisi ən yaxşı halda təsəlli qələbəsinə və reytinq xallarımızı artırmağa ümid edə bilər.
Nəticə acınacaqlı olsa da, pley-offa kimi irəliləməyi “Zirə” üçün irəli addım saya bilərik. Bu nəticəyə görə ruhdan düşmək olmaz, böyümək üçün səhvləri analiz etmək, daha yaxşı komanda qurulmasına nail olmaq gərəkdir. Avrokubokda dayanmaq dünyanın sonu deyil. Əsas olan yoldan dönməmək, daha yaxşısına nail olmaq üçün çabalamaqdır.
FƏRİD