Sabah Misli Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutacaq “Araz-Naxçıvan” – “Neftçi” oyununda “şou” gözlənilir. Mərdəkandakı matça təyinat alan baş hakim İnqilab Məmmədov meydan sahiblərinn qələbəsi üçün əlindən gələni edəcək.
Futbolinfo.az xəbər verir ki, tura hakim təyinatları dünən açıqlansa da, bu matça İnqilabın göndəriləcəyini biz hələ həftənin əvvəlindən bilirdik. Bu barədə redaksiyamıza etibarlı mənbədən məlumat daxil olmuşdu. “Neftçi” rəhbərliyinin zəifliyindən istifadə edən naxçıvanlılar istədikləri hakimin təyinatına nail olub qələbə qazanmaq arzusundadır.
Klubun əsas idarəçisi olan Zaur Axundovun AFFA-da kifayət qədər dostu var. O istədiyi vaxt Hakimlər Komitəsinin işinə müdaxilə edə bilir. Bu dəfə ən kritik matçlardan birinə “sözəbaxan” hakim təyin etdirməyi bacarıb.
Cari mövsümdə transferlərə kifayət qədər böyük büdcə ayıran “Araz-Naxçıvan”ın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Bu səəbəbdən rəhbərlik işini hərtərəfli sağlam tutmağa çalışır. Böhranda olan “Neftçi”ni məğlub etmək üçün ən münbit şərait yarandığından, naxçıvanlılar bundan yararlanmağa çalışır. Yəqin ki, İnqilab da matçda “ağırlığını ortaya qoyacaq”.
Ümumiyyətlə, bu mövsüm naxçıvanlıların adı hakimlərlə yanaşı çox hallanacaq. Əmin ola bilərsiz ki, bu komanda hakim səhvlərindən əziyyət çəkməyəcək, əvəzində xeyli kömək görəcək. AFFA rəhbərliyi indidən prosesləri nəzarətdə saxlasa, yaxşı olar.