“Səfər oyununda əlimizə düşən fürsətləri dəyərləndirsəydik, bu gün hər şey başqa cür ola bilərdi”. Bu sözləri Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Dinamo” (Zaqreb) oyunundan sonra jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə deyib.
– Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Əlimizdən gələni etməyə çalışdıq ki, bu oyunda qalib gələk və turu keçən tərəf biz olaq. Təəssüf ki, alınmadı. Ediləcək heç nə yoxdur. Qarşıda bizi Avroliqa oyunları gözləyir. Çalışacağıq ki, orda keçən ilkindən daha yaxşı nəticə verək.
– Ümumi hesab 5:0 oldu. Demək olar ki, “Dinamo” bizdən bir baş üstün idi?
-Əslində, belə deməzdim. Səfər oyununda əlimizə düşən fürsətləri dəyərləndirsəydik, bu gün hər şey başqa cür ola bilərdi. Burada qələbə bizə vacib olduğu üçün daha çox irəli atılmışdıq. Bu da arxa xəttdə boşluqlar yaranmasına səbəb oldu.
– Qol vurmaq üçün təcrübə çatmadı?
– Belə olduğunu düşünmürəm. Bəzən olur ki, 100 faizlik epizodları dəyərləndirə bilmirsən. Təcrübə yox, şans çatışmadığını deyərdim. Məncə, son vuruşların da üzərində çalışmalıyıq ki, Avroliqada daha yaxşı nəticəmiz olsun.
– Həm Xorvatiyadakı, həm də dünənki mətbuat konfransında Qurban Qurbanov çox optimist çıxış etmişdi. Mərhələ keçəcəyimizə ümid yaranmışdı. Bəs, sizə onu necə aşılamışdı?
– İlk növbədə şanslarımızı dəyərləndirməliydik. İlk matçdan sonra baş məşqçi və futbolçular olaraq öz aramızda müzakirə etmişdik ki, hələ hər şey bitməyib. Bakıda hər şeyin daha yaxşı olacağını düşünürdük, amma alınmadı. Bu gün də şanslarımız yarandı, dəyərləndirə bilmədik.
– Avroliqa artıq yeni formatda keçiriləcək. Bu haqda nə düşünürsən?
– Məncə, maraqlı olacaq. Düşünürəm ki, çox oynamağımız bizim üçün də xeyirdir.
GÜNAY SÜLEYMANOVA