Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Marko Pyatça UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, hücumameyilli oyunçu Tofiq Bəhramov adına Respublika stadionunda daha yaxşı çıxış etdiklərini söyləyib: “Bakıda Zaqrebdəkindən yaxşı oynadıq. Qol buraxmadıq ki, bu da çox yaxşı haldır. Əgər matçdan əvvəl kimsə bizə desəydi ki, ümumi hesab 5:0 olacaq, qəribə səslənərdi. Qollar doğru zamanda gəldi. “Qarabağ”ın 3 qol vurmağa qadir olduğunu bilirdik. Buna görə də rəqibə tam hörmətlə yanaşırdıq”.
32-ci dəqiqədə hesabı açan 29 yaşlı futbolçu həmin anı da xatırlayıb: “Topu ram etdikdən sonra sol ayağımla zərbə vurdum. O anda topun ayağıma oturduğunu hiss etdim. Çirkin olsa belə, qol qoldur. Əsas qələbə qazanmaqdır. Çempionlar Liqası hamımızın səbirsizliklə gözlədiyi yarışdır. Rəqiblər mütləq güclü olacaq. “Qarabağ”la matçda olduğu kimi, Liqa mərhələsində də əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək.