“Qarabağ”la “Dinamo” arasındakı oyunlara baxdım. Azərbaycan təmsilçisi Xorvatiyada əla oyun keçirdi və xeyli qol epizodu yaratdı, amma istifadə edə bilmədi. Nəticədə 0:3 hesabı ilə uduzdu. Amma Bakıda “Dinamo” daha yaxşı idi. Əslində, bu da evdə qazanılan inamlı nəticənin təsirindən olmuşdu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis Çempionlar Liqasının pley-off raundunda baş tutan “Qarabağ” – “Dinamo” (0:2, 0:3) görüşlərindən danışıb. O, həmyerlilərinin mərhələ keçməsinə bu cür şərh verib: “Qarabağ” tərəfi Bakıdakl oyundan öncə çox optimist idi, amma oyun olaraq Zaqrebdəki kimi çıxış etmədilər. Əslində, Xorvatiyadakı 0:3 hesablı məğlubiyyətdən sonra daha yaxşı nəticə qazanmaq inandırıcı görünmürdü. Çünki “Dinamo” kimi komandaların keyfiyyəti və böyük beynəlxalq təcrübəsi var. Amma istənilən halda “Qarabağ”ın haqqını yemək olmaz. Zaqrebdə oynadıqlarını göstərsəydilər, bəlkə də Bakıda başqa cür olardı. 2 oyuna 5:0 real hesab deyil. Yəni “Qarabağ” bu cür uduzmağa layiq deyildi. Amma onu deməliyəm ki, zaqreblilər Çempionlar Liqasına layiqli vəsiqə qazandılar. Qurban Qurbanovun komandasını alqışalamaq lazımdır. Onlar yaxşı heyətə malikdir və texniki, gözəl futbol oynayırlar, əla hücumlar qururlar. Onlara uğurlar arzu edirəm”.

Təcrübəli çalışdırıcı “Dinamo”nun “Qarabağ” hansı komponentlərdə üstələdiyini də açıqlayıb: “Sergey Yakiroviçin komandası müdafiədə etibarlı oynadı. Bu, onların adətidir. Öz şanslarını gözlədilər və 5 qol vurdular”.

Shares: