“Zirə” qapını möhkəm çırpmağı bacardı. Tarixində ilk dəfə avrokubokda pley-offa kimi irəliləyən “qartallar” son ev oyununda qələbə qazanmaqla qrupa düşməməyin təsəllisini tapdı.
Əslində, qəsəbə təmsilçisinin çıxışı normal qiymətləndirilə bilər. Avropa Liqasında “Şerif” üzərində səfərdə, “Dunayska Streda” ilə hər iki oyunda qələbə, “Osiyek”lə bərabərliklər və “Omoniya”nı Bakıdan ilk dəfə məyus göndərmək gözardı edilə bilməz.
Düzdür, moldovalılar üzərində böyük üstünlüyün yersiz bir qırmızı vərəqə ilə əldən verilməsi gələcək üçün dərs götürüləsi məqamdır. Eyni zamanda xorvatlarla görüşlərin penaltilərdə qazanılmasında bəxt amili də önə çəkilə bilər. Lakin ən xoşagəlməz məqam Kiprdəki darmadğın idi və “Zirə”nin sabit çıxışına xələl gətirdi. Elə məhz bu məğlubiyyət hədəfə çatmağa imkan vermədi.
Dünənki matç formallıqdan başqa bir şey deyildi. “Omoniya” 6:0 hesablı qələbənin verdiyi arxayınlıqla Bakıdakı qarşılaşmanı “yola verdi”. “Zirə” isə daha çox reytinq xallarını düşünərək oynadı. Sönük matçın ikinci hissəsində təşəbbüsü ələ alan təmsilçimiz arzuladığı qolu vura bildi. Bu qələbə gələcək üçün ümid verən mövsümün major notda tamamı idi. Qrupa vəsiqə qazanmaq daha gözəl olardı, lakin arzular reallıqla üst-üstə düşmədi. Qəsəbə təmsilçisi özündən güclü rəqibə top fərqində yenildi.
“Zirə” bu yay özünü əsl avrokubok komandası kimi göstərdi. Təsadüfi deyil, 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə komandamız 1,250 reytinq xalı topladı ki, bu, 4 klubumuzun birgə nəticəsinin (2,125) yarısından çoxdur. Təbii ki, “Qarabağ”ın göstəriciləri müqayisəolunmazdı, amma belə göstəriciyə vaxtilə “Neftçi” və “Qəbələ”(2 dəfə) imza atıb. Fərq ondadır ki, həmin komandalar qrup mərhələsinə vəsiqə qazanmışdı, “Zirə” isə qrupa düşmədən bunu bacaran ilk komandamız oldu.
İndi ən vacib olan “Zirə”nin dayanmamasıdır. Komanda növbəti il də avrokuboka yüksəlməli, nəticələrini yaxşılaşdırmalıdır. Bu ilin dərslərini də qazanc saysaq, heyətin daha yaxşı gücləndirilməsi ilə “qartalar” gələn mövsüm qitə yarışlarında daha parlaq çıxış etməlidir. Cari mövsüm göstərdi ki, qruplara vəsiqə qazanmaq heç də əlçatmaz deyil.
FƏRİD