“Sabah”ın sabiq baş məşqçisi Jelko Sopiç həmyerliləri Xorvatiya “Dinamo”sunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirdiyi oyunları dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, bu ay “Riyeka”dan ayrılan 50 yaşlı mütəxəssis zaqreblilərin 3:0 və 2:0 hesablı qələbələrinin reallığa uyğun olmadığını bildirib.

Sopiç “Qarabağ”ın Avropa Liqasındakı nəticələri ilə bunu sübut edəcəyini düşünür: “Zaqrebdə keçirilən “Dinamo” – “Qarabağ” oyununda idim. Bakıdakı matçı da izlədim. Düşünürəm ki, “Dinamo”, yəni baş məşqçi Sergey Yakiroviç keçid dövründə əla iş gördü. Kritik mövqelərə lazım olan oyunçuları cəlb etdilər. “Qarabağ”a 5:0 hesabı ilə qalib gəliblər. Asan görünür, amma “Qarabağ” Avropa Liqasındakı nəticələrini görəndə nə qədər yaxşı komanda olduğunu anlayacağıq. Biz hər şeyi aşağı qiymətləndirməyə meyl edirik. “Dinamo” dinamik, keyfiyyətli oyunçularla dolu əla komandanı qabaqladı. Azərbaycanlılara qarşı oynamaq heç kimə asan olmayacaq”.

Qeyd edək ki, “Dinamo” mübarizəni Çempionlar Liqasında, “Qarabağ” isə Avropa Liqasında davam etdirəcək. Jelko Sopiç 2019-20 mövsümündə ölkəmizdə “Sabah”ı çalışdırıb.

Shares: