Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Azərbaycanla keçiriləcək ilk oyunlar öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

Futbolinfo.az saytı xəbər verir ki, italiyalı mütəxəssis heyətlə bağlı bəzi problemlərinin olduğunu etiraf edib. O, boşluqları gənc oyunçularla doldurmağa çalışdıqlarını sözlərinə əlavə edib.

Kaltsona turnirə uğurlu start götürmək istədiklərini vurğulayıb: “Təcrübəlilərlə yanaşı, gənc oyunçulara da şans verməliyik. Məsələn, ailəvi səbəbdən heyətdən kənarda qalan təcrübəli Patrik Qroşovskinin əvəzinə dəvət etdiyimiz Peter Pokornı, demək olar ki, onun səviyyəsindədir. Düzdür, problemli mövqelərimiz var. Həmin boşluqları da yenilərlə doldurmalıyıq. Hücum xəttinə isə namizədimiz çox idi. Millətlər Liqasında mübarizəyə başlayırıq. Yeni yarışa hazırlaşmalı və hədəfimizə uyğun irəliləməliyik. Son iki ildəki işlərin bəhrəsini görmək istəyirik. İlk məqsəd Estoniya və Azərbaycanla oyunlarda 6 xal toplamaqdır”.

Qeyd edək ki, sentyabrın 5-də Estoniyanın qonağı olacaq Slovakiya yığması bundan üç gün sonra Azərbaycan millisini qəbul edəcək.

Shares: