“Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur”. Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib (Report).

Portuqaliyalı mütəxəssis alternativlər olduğunu deyib: “Avrokubok oyunlarını izlədim. Heyəti bu şəkildə açıqlamaq qərarına gəldim. Xaricdə oynayanlar zədələnsə, onları yerli futbolçular əvəz edəcək. Bütün çempionat oyunlarını izləyirik. “Turan Tovuz”dan iki oyunçu dəvət etmişik. Bu, onların lider olması ilə əlaqədar deyil. 4 komandadan futbolçu cəlb olunmayıb. Lakin heç kim deyə bilməz ki, gələcəkdə onlardan heç kim dəvət almayacaq”.

O, iddialı komanda formalaşdırmaq istədiyini vurğulayıb: “Elə komanda yaratmaq istəyirik ki futbolçular inamlı və iddialı olsunlar. İndiki məqamda rəqibləri yaxşı təhlil etmişik. Rəqib oyunçular haqqında ətraflı bilgiyə malikik. Əlimdəki futbolçuları klublardakı performanslarına görə çağırmışam”.

Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.

Shares: