AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda da “Dinamo”ya məğlub oldu. Ağdam klubunun hər iki görüşdə xorvatlara uduzmasının (0:3, 0:2) səbəbini nədə görürsünüz?
– Şəxsən məni “Dinamo” təəccübləndirdi. Heyətdə və oyun planında etdikləri dəyişikliklər, çempionumuzun önünə balanslaşdırmış, birinci oyunla müqayisədə intizamlı və tam fərqli komanda çıxaracaqlarını gözləmirdim. Qurban Qurbanovun komandası baxımlı, hücum futbolu sərgiləyir. “Qarabağ” nəticələri gözəl oyunla əldə etməyə çalışır. Baş məşqçinin heyət baxımından geniş seçimi var. Heyf ki, mərhələ keçdikcə rəqiblərin də səviyyəsi artır və müsbət nəticəni əldə etmək çətinləşir. “Dinamo” yaxşı komandadır, Avropa səhnəsində böyük təcrübəsi var. Heyətlərində ulduz futbolçu olmasa da, komanda futbolu sərgiləyirlər. Məğlubiyyətlərin əsas səbəbini həm də bəxtsizlikdə görürəm. Səfərdə üstün futbol nümayiş etdirən “Qarabağ” 100 faizlik qol epizodlarının birindən fərqlənsəydi, nəticə fərqli olacaqdı. Məğlubiyyətə baxmayaraq, “Qarabağ” qürurumuzdur və bu anları bizə yaşatdığı üçün komandamıza alqış düşür. Əminəm ki, Avropa Liqasının yeni formatında bizi sevindirməyə davam edəcəklər.
– “Dinamo”nun məşqçilər korpusu “Qarabağ”ın futbolçularını individual olaraq da yaxşı təhlil etmişdilər. Fakt budur ki, əsas qol ümidimiz Olavio Juninyoya Bakıdakı cavab görüşündə göz açmağa imkan vermədilər…
– Juninyo çox bacarıqlı futbolçudur. Çempionlar Liqasının pley-offuna kimi 6 qol vurması bunun sübutudur. “Dinamo” ilə səfər matçında bir neçə qol epizodu yaxaladı. Amma dəqiq olmadı, ya da qapıçı yaxşı oynadı. Bəxtinin gətirmədiyini desəm, daha düz olar. Cavab matçında isə rəqib Juninyonun oyununu yaxşı təhlil etmişdi və rəqib müdafiəçilər onu bağlaya bildilər. Ümumiyyətlə, təkcə Juninyo deyil, istənilən ulduz hücumçu bəzən qol vura bilmir. İnanıram ki, növbəti oyunlarda yenə də Juninyonun vurduğu qollara, “Qarabağ”ın qələbələrinə sevinəcəyik.
– “Qarabağ” cari mövsümdə müdafiə xəttində çox boşluq verir. Bunu nə ilə izah edərdiniz?
– Deməzdim ki, “Qarabağ”ın müdafiə xətti zəifdir. Əksinə, hücum xətti güclənib və bunun fonunda müdafiə xətti zəif görünür. Komandamızın müdafiəçiləri kifayət qədər səviyyəli futbolçulardır. Əvvəlki illərlə müqayisədə çox qol buraxmasının səbəbi daha çox hücum futbolu sərgiləməsidir.
– Avropa Liqasının liqa mərhələsində “Qarabağ”dan hansı nəticəni gözləyirsiniz?
– Avroliqadakı komandalar səviyyəsinə görə Çempionlar Liqasındakı komandalardan heç də geri qalmırlar. Bu turnirdə xeyli səviyyəli rəqib var. Amma “Qarabağ” da oturuşmuş, avrokubok təcrübəsi olan, rəqibə oyununu diqtə edə bilən komandadır. Ən vacibi odur ki, “Qarabağ”da komanda ruhu var. İnanıram ki, çempionumuz Avropa Liqasının yeni formatında öz oyun tərzi və əzəməti ilə bizi sevdirməyə davam edəcək. “Qarabağ”a uğurlar arzulayıram.
– Digər komandamız “Zirə” isə Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Omoniya”nı məğlub etsə də (1:0), iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırdı. “Zirə”nin avrokubokların cari mövsümündəki çıxışını necə dəyərləndirirsiniz?
– “Zirə”nin çıxışını uğurlu qiymətləndirirəm. Rəşad Sadıqovun komandasının Konfrans Liqasının pley-offuna çıxması, əslində, indiyə kimi görülən işlərin nəticəsidir. “Zirə”nin rəqibləri kifayət qədər sanballı komandalar idi. Avropa Liqasında “Şerif”lə ilk oyun göstərdi ki, Sadıqov yaxşı kollektiv qura bilib. Təəssüf ki, bəxtsizlik Avroliqada mərhələ adlamağa imkan vermədi. Buna baxmayaraq, Konfrans Liqasında Slovakiyanın “Dunayska Ştredia”, Xorvatiyanın Avropada tanınmış “Osiyek” komandalarını mübarizədən kənarlaşdırmağa yalnız alqış düşür. O ki qaldı pley-offda “Omoniya”ya səfər məğlubiyyətinə, “Zirə” buna layiq deyildi. Sadəcə, futbolda bəzən istədiyin alınmır. Komandamız cavab matçında qalib gəlməklə böyükhesablı məğlubiyyətin təsadüf olduğunu sübut etdi. Avrokuboklardakı çıxış göstərdi ki, “Zirə” düz yoldadır. Rəşad Sadıqov potensiallı məşqçidir. Fikrimcə, bu cür davam edərsə, “Zirə” növbəti mövsüm avrokuboklarda sözünü deyəcək, qrup mərhələsinə kimi yüksələcək. Bu il qrup mərhələsinə düşməməsinə rəğmən, avrokuboklardakı çıxış “Zirə” üçün böyük təcrübə oldu. Ümid edirəm ki, bu təcrübə qarşıdakı illərdə komandaya fayda verəcək.
FƏRİD