“Bir Allah şahiddir ki, heç vaxt elə bir niyyətim olmayıb ki, əsas komandada baş məşqçi olum”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in əvəzedici heyətin baş məşqçisi Xaliq Mərdanov deyib.
Adil Şükürovun istefasından sonra gəncəlilərin əsas komandasına müvəqqəti rəhbərlik edən sabiq yarımmüdafiəçi missiyasının fərqli olduğunu deyir: “Mənimki ancaq gəncləri yetişdirib, əsas komandaya hazırlamaqdır. Heç vaxt elə bir niyyətim olmayıb ki, əsas komandada baş məşqçi olum. Ona görə həmişə gələn bütün məşqçilərə hörmətlə yanaşıram. İndi də kim gələcəksə, Allah xeyir versin”.
Qeyd edək ki, Şükürovla yollarını ayıran “Kəpəz”in baş məşqçi postu hələ də boşdur. Bu tur “Sabah”la keçiriləcək oyuna komandanı əvəzedici heyətin baş məşqçisi Mərdanov hazırlayıb, meydana çıxaracaq. O, əvvəllər də “Kəpəz”də müvəqqəti əvəzləyici işləyib.
GÜNAY SÜLEYMANOVA