Qol buraxmadan 1 heç-heçə, 4 qələbə, 13 xalla turnir cədvəlinin lideri… Əla başlanğıcdır.

“Turan Tovuz” Kurban Berdıyev üslubunda, nəticəyə hesablanan futbol oynayır və istədiyinə çatır. Qərblilərin antifutbol oynadığını da demək olmaz, xüsusilə ilk hissələrdə sürətli oyun, inanılmaz təzyiq qol gətirir, fasilədən sonra isə komanda hesabı qorumaqla məşğul olur. Zatən ilk hissədə verlən templə 90 dəqiqə davam gətirmək olmaz.

İlk turda “Neftçi” ilə səfərdə reallaşan 0:0-ı nəzərə almasaq, ardıcıl 4 oyundur tovuzlular fasiləyədək hesabı açır, “Kəpəz kimi komandalar rəqib olanda fasilədən sonra da dayanmır, digər hallarda tək qolla kifayətlənirlər.

Bu taktika hələ ki, faydasını verir, zamanla rəqibləri “Turan Tovuz”u çözəcək – sonadək bu cür davam etməsi mümkünsüzdür. Əsas məsələ qərblilərin hesabda geri düşdüyü oyunlarda necə təsir bağışlayacağıdır. O da var ki, tovuzlular avrokubok mübarizəsində ciddi xal ehtiyatı yığıb. Çempionatın bundan sonrakı bölümü maraqlı olacaq.

Dünən “Səbail”lə oyun da eyni ssenari ilə keçdi. Bakılılar ilk 15 dəqiqədə rəqibi öz silahı ilə vurmağa çalışdı, bacarmadı, əvəzində tovuzlular ənənəsinə sadiq qalıb fasiləyədək hesabı açdı. Fasilədən sonra təşəbbüsü rəqibə verib hesabı qoruyan meydan sahibləri bunun əziyyətini çəkə bilərdi. Lakin bu dəfə də dözməyi bacardılar, yığmaların oyununa görə yaranan fasiləyə “Turan Tovuz” zirvədə yollandı, “Səbail” ən yaxşı halda 8-ci olacaq.

Turun açılış günündə reallaşan digər oyunda ədalətli nəticə qeydə alındı. Xüsusilə ilk yarıda sərgilədiyi futbola görə qələbəyə layiq olan “Araz-Naxçıvan”, qoldan sonra hesabı qorumaq naminə geri çəkildi. Məhz bu anlarda “Sumqayıt” bisbi üstünlük qazandı. Lakin ərazi üstünlüyünü qolla tamamlaya bilməyən meydan sahibləri məğlubiyyətlə barışdı.

Elmar Baxşıyev “Qəbələ”də oynatdığı futbolu yeni komandasına da aşılamaqdadır. Naxçıvanlılar belə oynamağa davam etsə, yuxarı yerlərdə çox görünəcək. “Sumqayıt”da isə eniş davam edr. Avrokuboka görə mövsümə daha tez başlayan komandada geriləmə aşkar hiss olunur. Millilərə görə yaranan fasilə bu baxımdan yerinə düşdü. Samir Abasov komandanı silkələməyi bacarmasa, autsayderlər qrupunda məskunlaşmaq təhlükəsi realdır.

“Sumqayıt”ın ən böyük problemi heyətlə bağlıdır. Gedən oyunçuların yeri layiqincə doldurulmayıb, təzə gətirilən legionerlər ümidi doğrultmur. Bəzlər formada deyil, bəzilərinin isə bacarığı qənaətbəxş sayıla bilməz. Tipik Abasov dəst-xəttidir – bu məşqçinin seleksiyası həmişə faciəvi olub. “Zirə”də, “Neftçi”də, indi də “Sumqayıt”da bunu isbatlamış Samir bəy hazır yığılmış heyətlə daha rahat çalışır.

1:0-larla əlamətdar olan günün ardınca digər komandalar növbət matçına çıxacaq. Bu gün “Neftçi” üçün daha önəmlidir. Bakılılar Şamaxıda ilk qələbəsini qazana bilməsə, vəziyyətini gərginləşdirəcək. Bir xala da razı olan meydan sahibləri qələbə qazanmağı bacarsa, rəqibini autsayder edəcək, özü isə liderlər qrupuna qoşulacaq.

“Sabah”ın işi dha rahat görünür. Autsayder olan, hələ qol vurmayan “Kəpəz”i yenmək problem olmamalıdır. Amma məşqçi istefasından sonra gəncəlilərin sürpriz etməsi də mümkündür.

FƏRİD

Shares: