“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Anqe Postekoqlu turnirin yeni formatını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, yunanıstanlı mütəxəssis oyun sayının artmasının müsbət və mənfi məqamlarını sadalayıb.

59 yaşlı çalışdırıcı heyətlərinin bütün turnirlərdə sona qədər mübarizə aparacaq qədər geniş olmadığını etiraf edib: “Avrokuboklarda oyun sayının artması bizim kimi geniş heyətə malik olmayan komandaların işinə heç yaramır. Üstəlik, nəzərə alaq ki, bəzi zədəlilərimiz var. Avropa Liqasında oyun sayının çox olması Premyer Liqaya da rahat köklənməyə mane olur. İndi yanvarın sonuna qədər həftədə iki matç keçirməli olacağıq. Bu ritmə öyrəşmək lazımdır. Heyətdəki bütün futbolçulardan yararlanacağıq. Zədəlilərimiz olduqda isə 6-7 həftə oynamayanlara şans verməli olacağıq. Yeni format oyun və məşq tempini yüksəldəcək. Bu baxımdan yeni format xeyir verə bilər. Ötən mövsümdəkindən daha çoxuna qadirik”.

Qeyd edək ki, “Tottenhem” Liqa mərhələsində ilk oyununu sentyabrın 26-da Londonda “Qarabağ”a qarşı keçirəcək.

Shares: