“Ayaks”ın baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının püşkatması barədə fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Liqa mərhələsində onları maraqlı mübarizə gözlədiyini bildirib: “Yeni formatda keçiriləcək oyunları səbirsizliklə gözləyirik. Konkret hansısa komandanı fərqləndirmək çətindir. Yaranacaq qısa fasilədən sonra sıx təqvim bizi gözləyir. Ötən mövsümdəki “Ayaks”dan heç də zəif durumda deyilik. İndi tam fərqli enerjimiz var. Əzəmətli “Ayaks”ı geri qaytarmağa çalışırıq. Amma qəbul edirik ki, Avropada hələ heç nəyə nail olmamışıq. Liqa mərhələsinə yüksəlməklə uzun yolun ilk addımını atmışıq”.
35 yaşlı çalışdırıcı qarşılaşacaqları rəqiblərdən 3-nü fərqləndirib: “Latsio”ya rəqib olmaq xoşdur. Ona görə ki, doğma vətənim olan İtaliya klubu ilə qarşılaşacağıq. Türkiyə klubları “Qalatasaray” və “Beşiktaş”ı da bəyənirəm. Türkiyə ilə bağlı gözəl keçmişim var. Ümumiyyətlə, yeni formatda bütün matçlar vacib olacaq”.
Qeyd edək ki, “Qarabağ”la “Ayaks” arasında oyun oktyabrın 24-də Bakıda keçiriləcək.