Azərbaycan Cüdo Federasiyası (ACF), Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubada cüdo üzrə master-klass keçirilib.

Futbolinfo.az xəbər verir ki, master-klass çərçivəsində milli komandanın üzvləri və ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib.

Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənərək tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.

Shares: