“Sabah”ın xorvatiyalı yarımmüdafiəçisi İvan Lepiniçanın futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”lə matçda geridönüş edərək 3:2 hesablı qələbə qazandınız. Bu matç haqqında düşüncələriniz necədir?

– Düşünürəm ki, oyuna yaxşı başlamadıq və ilk dəqiqələrdən qapımızda iki qol gördük. Lakin komanda olaraq fasilədən sonra xarakter nümayiş etdirdik və geridönüş edərək vacib 3 xal qazanmağı bacardıq. Fikrimcə, milli fasilə öncəsi bu qələbə yerinə düşdü. Komanda olaraq fasiləyə yüksək əhval-ruhiyyə və atmosferdə yollandıq.

– İlk hissədəki zəif çıxışın səbəbi nə idi?

– Sadəcə, rəqibin əks-hücumları zamanı kifayət qədər diqqətli oynamadıq və bunun da nəticəsində qapımızda iki qol gördük. Lakin əsas olan komandanın fasilədə bundan nəticə çıxarması və geridönüş edərək bu oyundan vacib 3 xalla ayrılmasıdır.

– Komanda qollar vursa da, müdafiə xətti barədə fikirlər yaxşı deyil. “Sabah”ın müdafiə xəttini tənqid edənlər haqlıdırlar?

– Fikrimcə, hər hücum müdafiədən başlayır və eynilə hər müdafiə də hücumdan başlayır. Biz bir komandayıq.

– Mövsümün sonuna qədər yuxarı pillələrdəki yerinizi qoruya biləcəksiz?

– Bunu mövsümün sonunda görəcəyik..

– Azərbaycan çempionatı diqqətinizi cəlb etdimi?

– Məncə, Azərbaycan Premyer Liqası çox maraqlıdır. Burada yaxşı komandalar, yaxşı futbolçular var. Heç bir komandaya qarşı oynamaq asan deyil.

– “Qarabağ” və Zaqreb “Dinamo”su arasında Çempionlar Liqasının pley-offunda keçirilən matçlar barədə düşüncələriniz necədir? Həmyerlilərin iki matçın nəticəsində 5:0 hesablı qalibiyyət əldə etdi. “Qarabağ”ın uduzmağında əsas səbəb kimi nəyi görürsüz?

– Oyunları izləmək imkanım olmadı. Sadəcə, hər iki matçın icmalına baxmışam. Məncə, hər iki komanda kifayət qədər yaxşıdır. İlk matç hər iki tərəfin xeyrinə dəyişə bilərdi. Sadəcə, “Qarabağ”dan fərqli olaraq “Dinamo” əldə etdiyi fürsətləri yaxşı dəyərləndirdi və qalib gəlməyi bacardı. Fikrimcə, bu iki komanda arasında ciddi səviyyə fərqi yoxdur.

– Bizim liqada hansı komandalardan daha çox çəkinirsiz?

– Bayaq da dediyim kimi, çempionat kifayət qədər çətindir. Heç bir komandaya qarşı oyun asan keçmir.  Hər oyunda qalib gəlmək üçün meydanda maksimumunu ortaya qoymalısan. Mən bu liqada yeniyəm. Ona görə heç də bütün komandaları yaxşı tanımıram.

FƏRİD

Shares: