21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq. Sentyabrın 2-dən təlim-məşq toplanışına start vermisiniz. Komandada əhval-ruhiyyə necədir?

– 25 futbolçudan, demək olar ki, hamısı toplanışın ilk günündən məşqlərə başlayıb. Təkcə Murad Vəliyev hazırlığın birinci günündə bizimlə olmadı, Estoniyadan ayın 3-nə keçən gecə qayıtdı. Komandada əhval-ruhiyyə yaxşıdır.

– Heyəti müəyyənləşdirərkən hər hansı çətinlik yaşadınızmı? Qarşıdakı oyunlarda nə sizə problem yarada bilər?

– Üzdə olan bütün 21 yaşadək futbolçuları siz də tanıyırsınız. Siyahımızda 40-a yaxın oyunçu var. Onlar arasında seçim edirik. Çətinliyimiz ondan ibarətdir ki, Premyer Liqada oynayan futbolçuların sayı azdır, oyun praktikasından əziyyət çəkirlər. Bundan əlavə, I Liqa klublarının, məsələn, “Qəbələ”nin formasını geyinən milli üzvləri var. I Liqa isə hələ başlamayıb, sentyabrın 11-də start götürəcək. Bu səbəbdən o futbolçuların bir çoxu ancaq yoldaşlıq oyunları ilə kifayətləniblər. 3 futbolçumuz isə əsas milliyə dəvət alıb. Rza Cəfərov, Yusif İmanov və Nəriman Axundzadəni nəzərdə tuturam. Ümumi baxanda kiminsə yoxluğu böyük problem deyil. Məni əsas futbolçuların oyun praktikasının olmaması narahat edir. Amma çətinliklərimiz, problemlərimiz həmişə olub. Onlardan çox danışmaq istəmirəm. Fikrimiz qarşıdakı oyunlarda layiqli mübarizə aparıb istədiyimiz nəticəni əldə etməkdir.

– İlk sınaq səfərdə Lüksemburqa qarşı olacaq. Təxminən 1 il öncə Bakıda keçirilən oyunda bu yığmanı 3:2 hesabı ilə məğlub edə bilmişdik. Eyni nəticəni təkrarlamaq mümkün olacaq?

– Lüksemburq bizə tanış rəqibdir. Evdə onları 3:2 hesabı ilə məğlub etməyimizə baxmayaraq, həqiqətən də, həmin oyunda çətinlik çəkmişdik. İndi bu komanda ilə səfərdə oynayacağıq. Qələbəyə köklənmişik. Başqa çıxış yolumuz yoxdur. Əlbəttə ki, Bakıdakı nəticəni səfərdə təkrarlamaq mümkündür. Bir fikrimiz var, o da qalib gəlməkdir.

– Bu görüşdən 4 gün sonra isə evdə Serbiya millisini qəbul edəcəyik. Serblərə səfərdəki matçda 0:2 hesabı ilə uduzmuşduq. Revanş almaq şansımız nə qədərdir?

– Serbiyadan öncə Lüksemburqla oyunu düşünürük. Futbolçular hazırda birinci görüşə kökləniblər. Amma başa düşürük ki, Lüksemburqla matçdan 4 gün sonra Serbiyanı qəbul edəcəyik. Bu komandaya səfərdəki oyunda 0:2 hesabı məğlub olmuşduq. Çalışacağıq ki, meydanı yaxşı nəticə ilə tərk edək. Şans həmişə var, sadəcə, ondan istifadə etmək lazımdır. İstər məşqçilər korpusu, istərsə də futbolçular olsun, ancaq yaxşı nəticəyə köklənmişik.

– 6 oyundan sonra aktivində 3 xal olan yığmamız hazırda turnir cədvəlində sonuncu yerdədir. Sentyabr və oktyabr aylarında ümumilikdə 4 oyun keçirəcəyimizi nəzərə alsaq, millimiz sonuncu pillədən qurtula, hətta 4-cü yerə ümid edə bilərmi?

– 3 xalla sonuncu yerdə olmağımız, əlbəttə, üzücüdür. Bunun da obyektiv və subyektiv səbəbləri var. 4 oyunumuz qalıb. Çətin qrupda olmağımıza baxmayaraq, qarşıdakı matçlarda mümkün qədər çox xal toplamaq istəyirik ki, həm xallarımızın, həm qollarımızın sayı çox olsun, həm də sonuncu yerdən qurtula bilək. Hər şey mümkündür. Ümid edirik ki, elə də olacaq.

FƏRİD

Shares: