“Sabah” klubunun nigeriyalı futbolçusu Cesse Sekidikanın futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”lə çempionat oyununda asan qələbə qazanacağınız gözlənilsə də, çətinliklə 3 xal əldə etdiniz. İlk hissəni 0:2 hesabı ilə geridə bitirməyinizin səbəbi nə idi?

– Asan oyun olmayacağını bilirdik. Bu cür rəqibləri qiymətləndirməmək olmaz. Matça yaxşı başlamadıq və startda 2 qol buraxdıq. Lakin vaxtında toparlanmağı bacardıq. Fasilədə nədə səhvə yol verdiyimizi müəyyənləşdirdik və ikinci hissədə daha yaxşı oynayıb, bizə lazım olan qolları vuraraq meydandan 3 xalla ayrılmağı bacardıq.

– Fasilədə baş məşqçi Krunoslav Renduliç sizə nə dedi, hansı tapşırıqları verdi ki, ikinci hissədə geridönüş edərək 3 qol vurdunuz?

– Məşqçimiz soyuqqanlılığı qorumağın və oyun planımıza sadiq qalmağın vacibliyini vurğuladı. O, oyunçuları motivasiya etdi, bizi daha intensiv və diqqətli oynamağa çağırdı.

– Misli Premyer Liqasının ilk 2 turunda xal itkiləri ilə üzləşsəniz da, son 3 oyunda qələbə qazanmısınız. “Sabah”ın 5 oyuna 10 xal toplaması, bunadək göstərdiyi nəticə sizi tam qane edirmi?

– Bəli, mövsümə yaxşı başlamadıq və bunun da nəticəsində ilk 2 matçda xallar itirdik. Lakin növbəti 3 oyunda ardıcıl qələbələr qazanaraq vəziyyəti dəyişə bildik. Bu ardıcıl qalibiyyətlər komandada birliyin və potensialın olmasının nəticəsidir. Hələ mövsümün əvvəlidir. Fikrimcə, komandamızın kifayət qədər yaxşı potensialı var və qarşıdakı həftələrdə oyunumuzu bir qədər də yaxşılaşdıracağıq.

– Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən sonra ilk görüşünüzü lider “Turan Tovuz”la qarşılaşacaqsız. Rəqib buvaxtadək uduzmamaqla yanaşı, qapısından top da buraxmayıb. Onlar üçün uğurlu gedişatı pozub öz qələbə seriyanızı davam etdirə biləcəksiniz?

– “Turan Tovuz” müdafiədə çox diqqətli oynayan, əks-hücumlara yaxşı çıxan komandadır. Onlarla bizi çətin oyun gözləyir. “Kəpəz”lə matçdakı səhvlərə yol verməməliyik. Səbirli və intizamlı oyun sərgiləməli, öz oyunumuzu göstərməliyik. Bu görüşdən 3 xalla ayrılmaq üçün əlimizdən gələni edəcəyik.

– Yayda “Sabah”a qoşulan yeni futbolçular komandaya tam uyğunlaşa biliblər? Onlarla meydanda bir-birinizi gözüyumulu başa düşmək üçün bir qədər də zamana ehtiyac varmı?

– Uyğunlaşma prosesi oyunçudan asılı olaraq dəyişə bilir. Burada söhbət təkcə komandanın oyun sisteminə uyğunlaşmaqdan yox, ümumiyyətlə, yeni ölkəyə, yeni mədəniyyətə uyğunlaşmaqdan gedir. Bəzi futbolçular bu prosesi tez başa vururlar, bəziləri üçün isə müəyyən vaxta ehtiyac olur. Bizim yeni transferlərimizin böyük ölçüdə komandaya uyğunlaşdığını deyə bilərəm. Amma ümumi götürsək, futbolçunun yeni komandasına tam uyğunlaşması üçün bir neçə aya ehtiyac olur.

– 5 turdan sonra çempionatdakı mənzərə sizə nəyi izah edir? “Sabah”ın bu mövsüm ötən sezondakından daha yaxşı nəticə göstərməyə gücü çatarmı?

– Əlbəttə, ötən mövsümdəkindən daha yaxşı nəticəyə imza ata bilərik. Buna komandanın potensialı çatır. Amma bunun üçün zədələrdən uzaq olmaq, həm nəticədə, həm də oyun planında müsbət tendensiyanı davam etdirmək çox vacibdir. Bunlara nail ola bilsək, ötən mövsümdəkindən daha yaxşı nəticəyə imza atmağı bacararıq.

ABBAS

Shares: