Gəncədə “Milli İdman Sistemlərinin İnkişafı” proqramı çərçivəsində voleybol məşqçiləri üçün seminar keçirilib. Təlim Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Seminar region çalışdırıcılarının bilik-bacarığını, təcrübəsini artırmaq üçün təşkil edilib.

Uşaq voleybol məşqçiləri üçün təşkil edilən seminarda Gəncə ilə yanaşı, ətraf şəhər və rayonları təmsil edən 29 məşqçi-müəllim iştirak edib. Nəzəri və praktik dərslərdən ibarət təlimi beynəlxalq voleybol federasiyasının təlimatçısı və məşqçi instruktoru keçiblər.

Seminarda həm qız, həm də oğlan voleybolçularla çalışan məşqçilərə voleybola yeni başlayan uşaqlarla düzgün işləmə metodları, son illər voleybol qaydalarında tətbiq edilən dəyişikliklər, sistem və taktiki yeniliklər haqqında ətraflı məlumat verilib. Zalda keçirilən praktiki məşğələlərdə təcrübələrini bölüşən təlimçilər voleybolçularla birlikdə məşqçilərə məşqlərin texniki təşkili barədə lazımi göstərişlərini veriblər.

70cad1c4 de1c 4736 80e0 1969b64efb10 - Futbolinfo.az

Athanasios Papageorgiou (FIVB-nin təlimatçı-eksperti): “Hər şey çox yaxşı səviyyədədir. İştirakçıların çoxu gəncdir, bu, məni çox sevindirir. Regional Voleybol Assosiasiyası düzgün çalışır. Milli voleybol proqramının çox yaxşı işlədiyini söyləyə bilərəm. Seminarımızı Gəncədən başladıq. İştirakçıların verdikləri suallardan anlamaq olur ki, voleybolla bağlı bilgiləri çoxdur. Normalda bu seminar 1 həftə davam etməlidir. Amma düşünürəm ki, bu, 1 günlük təlim də Azərbaycan voleyboluna çox şey qazandıracaq. İnanıram ki, bu məşğələlər uğur əldə etməyə yardımçı olacaq”.

Məşqçi-müəllimlər üçün seminarlar Bakıda da keçiriləcək. Paytaxtda uşaq çalışdırıcılarıyla yanaşı, yüksək liqa və çimərlik voleybolunda çalışan məşqçilər üçün də təlimlərin təşkili nəzərdə tutulub.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares: