“Sumqayıt” klubunun liberiyalı hücumçusu Silvanus Nimelinin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 5-ci turunda doğma divarlar arasında “Araz-Naxçıvan”a uduzdunuz (0:1). Matçla bağlı fikirləriniz necədir?
– Təəssüf ki, evdə məğlubiyyətlə üzləşdik, oyun planlaşdırdığımız kimi getmədi. Komandada çoxlu yeni transfer var, onlardan biri də mənəm. Hazırda adaptasiya dövrünü keçirik. Məşqlərdə və oyunlarda əzmlə, vicdanla çalışırıq. Mən də daxil olmaqla, hər birimiz komandanın yaxşı nəticəyə nail olması üçün daha artığını etməliyik.
– Bu matç həm də sizin “Sumqayıt”dakı debütünüzlə yadda qaldı. İlk görüşdəki performansınızı necə qiymətləndirirsiniz?
– Bəli, “Sumqayıt”da ilk rəsmi oyunumu keçirdim. Fərdi cəhətdən daha yaxşı formada olmaq üçün üzərimdə çox işləməliyəm. Bunu bacaracağım halda, “Sumqayıt”a da daha çox xeyir vermiş olacağam. Klubumun uğur qazanmasına kömək etmək üçün buraya gəlmişəm. Buna görə də meydanda daha artığını etməli, özümü daha yaxşı tərəfdən göstərməliyəm. Məşqlərdə var gücümlə çalışıram. Gündən-günə artırmaq istəyirəm.
– “Sumqayıt”a tam uyğunlaşmağınız üçün nə qədər vaxt lazımdır? İngilis dili ilə yanaşı, rus dilini də bilməyiniz adaptasiyanıza kömək edirmi?
– “Sumqayıt”a tam uyğunlaşmağım çox vaxt almayacaq. Məşqçi korpusu, futbolçu heyəti heyrətamizdir. Bu isə yeni klubuma daha rahat adaptasiya olmağıma kömək edir. Təbii ki, rus və ingilis dillərini bilməyim bu baxımdan işimi bir qədər də asanlaşdırır.
– “Sumqayıt” çempionatda 5 turdan sonra 6 xal toplayıb. Bu nəticə sizi qane edir?
– Düzünü desəm, hər birimiz daha artıq xala, daha yaxşı nəticəyə layiq olduğumuza ürəkdən inanırıq. Amma futbolda bəzən belə hallar olur. Ruhdan düşmək olmaz. Hamımız başımızı dik tutmalı, istədiyimiz nəticələri əldə etmək üçün çox çalışmalıyıq. Bütün oyunlardan xal və ya xallarla ayrılmaq irəli getməyimiz, turnir cədvəlində ön sıralara qalxmağımız üçün çox vacibdir.
– Milli komandaların oyunları ilə əlaqədar, çempionatda yaranmış fasilədən sonra ilk oyununuzu səfərdə “Şamaxı”ya qarşı keçirəcəksiniz. Fasilə müddəti sizin üçün faydalı olacaqmı? Son 2 turu məğlubiyyətlə başa çatdıran “Sumqayıt” “Şamaxı” ilə görüşdə uğurlu nəticəyə imza ata biləcək?
– Fasilənin bizim üçün faydalı olacağını düşünürəm. Dediyiniz kimi, fasilədən sonra səfər matçına yollanacağıq. Son turlardakı uğursuz nəticələrə baxmayaraq, özümüzə inamlıyıq. Şamaxıya uğurlu nəticə üçün gedəcəyik.
– Azərbaycan çempionatının ümumi səviyyəsi necədir? Sizcə, “Sumqayıt”ın hazırkı potensialı mövsümü iddialılar sırasında bitirmək üçün yetərlidir?
– Çempionatda cəmi 10 komanda iştirak etsə də, Azərbaycan Premyer Liqası çox maraqlı və rəqabətlidir. Hazırkı heyətin daha yaxşı nəticələrə imza ata biləcək potensialı var. Zəhmət çəkmək və intizamlı olmaq həmişə öz bəhrəsini verir. Biz də bunun fərqindəyik və əzmlə çalışırıq.
CAVAD