Azərbaycan yığmasının və Polşanın “Radomyak” klubunun müdafiəçisi Rahil Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– Polşada hazırda durum necədir? Yeni klubunda özünü necə hiss edirsən? Liqada oyunlarınız necə keçir?

– Ümumi vəziyyət pis deyil. İstədiyimiz kimi olmasa da, tam yaxşı deyə bilməsək də, normaldır. Kluba adaptasiya olmaq lazımdır. Mənim kimi yeni oyunçular çoxdur, heyət yenidən qurulub. Ötənilki komandadan demək olar ki, çox az futbolçu qalıb. Bu baxımdan bir-birimizə tam öyrəşməmişik. Əlbəttə, bu, problem yaradır. Yəni bir oyuna başqa heyətlə çıxırıq, digərinə başqa. Getdikcə daha yaxşı olacaq və bir-birimizə öyrəşəcəyik. Oynamaq olar, Polşa çempionatı maraqlıdır. Ekstraklasa elədir ki, hər komanda digərini məğlub edə bilər. Fikrimcə, indi milli komandalar üçün yaranmış fasilədən sonra daha yaxşı oyun göstərəcəyik. Çünki yığmaya klubdan dəvət alan yeganə futbolçu mənəm, digər komanda yoldaşlarım bir yerdə məşq edir. Həm də mən yay təlim-məşq toplanışında komanda ilə olmamışam və bu baxımdan müəyyən çətinliklər var.

– Öz çıxışından razısanmı?

– Öz çıxışımdan razı deyiləm, normaldır, amma istədiyim kimi deyil. Məşqçilərlə işləyirik, çalışırıq. Xoşuma gələn  odur ki, məşqçilər mənə diqqət ayırırlar, oyun sistemini, necə oynamaq lazım olduğunu başa salırlar. Yəni komanda məşqçi keçdi, onlar getdi deyə bir şey yoxdur. Bu yaxşı haldır ki, məşqçilər sənə önəmli olduğunu hiss etdirir. Düşünürsən ki, sən bura lazımsan, vacibsən. Bu baxımdan hər şey qaydasındadır.

– Bəzən Polşa mətbuatından oxuyuruq – tənqid də, tərif də edirlər. Özün necə düşünürsən və klubda sənə münasibət necədir?

– Elə şeylər var ki, onların üzərində özüm işləyirəm. Təbii ki, adaptasiya olana qədər müəyyən çətinliklər olacaq, tənqidlər də olacaq, təriflər də. Amma bunlara çox fikir vermək lazım deyil. Normal hal kimi qarşılayıram. Çalışacam ki, mövsümün qalan hissəsini tərifləlayiq keçirim. Bunun üçün əlimdən gələni edirəm.

– Milli komanda qarşıda Millətlər Liqası çərçivəsində İsveç və Slovakiyaya qarşı oynayacaq. Bu matçlardan gözləntin necədir?

– Komandamızdan gözləntim ancaq yaxşı nəticədir. Xaricdə oynayanda uğurlu olmağı daha çox istəyirsən. Çünki məsələn, mən klubdan yığmaya çağırılanda hamı təəccübləndi. Bu da bir az məsuliyyəti artırır. Azərbaycanda oynayanda elə deyil və kimsə buna təəccüblənmir. Orada deyirlər ki, bizim futbolçumuz yığma komandaya getdi. Buna görə də istəmirsən ki, uğursuz olasan. Qayıdanda soruşsalar ki, necə oldu, demək istəmirsən “iki oyunu da uduzdum gəldim”. Məsuliyyətimiz çoxalır. Motivasiyamiz güclüdür və yaxşı nəticə istəyirik. Başlanğıcda uğurlu olmaq vacibdir.

– Bir neçə ay öncə İsveçə 3:0 hesabı ilə qalib gəlmişdik. Həmin oyunun nəticəsi psixoloji olaraq bu matçda sizə yaxşı təsir edəcəkmi?

– Əlbəttə ki, belə qələbələr adama inam verir. Düşünürsən ki, hamıya qarşı oynamaq olar, nəticə olanda da bir az daha inamlı çıxış edirsən. Bizə rahatlaşmaq olmaz. Çünki rəqib də bizə uduzduğu üçün daha ciddi yanaşacaq. İnanıram ki, nəticələrimiz uğurlu olacaq.

FƏRİD

Shares: