Paris-2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilov doğma şəhəri Gəncəyə qayıdıb. Parataekvondoçu böyük coşqu ilə qarşılanıb.
İdmançını Heydər Əliyev Park Kompleksində, Zəfər Tağının qarşısında yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Onun əldə etdiyi uğur Azərbaycan idmanı üçün böyük nəticə kimi qiymətləndirilib.
8 ildən sonra ikinci dəfə Nizami yurduna Paralimpiadadan qızıl medal gəldiyi diqqətə çatdırılıb. İdmançı özü isə bu nailiyyəti qazanmaq üçün uzun illər əziyyət çəkdiyini, zəhmətinin bəhrəsini Fransada gördüyünü bildirərək üzərində əziyyəti olan hər kəsə təşəkkür edib.
70 kq çəkidə bütün rəqiblərini qabaqlayan İmaməddin həm də Azərbaycan tarixində parataekvondo üzrə ilk qızıl medalı ölkəmizə qazandırıb. O, qızıl medalı şəhidlərə həsr etdiyini deyib.
İmaməddin Xəlilov millinin tərkibində daha öncə iki dəfə Avropa, bir dəfə isə dünya çempionu olub. Bundan başqa 26 yaşlı idmançı nüfuzlu beynəlxalq yarışların qalibi adını qazanıb. Növbəti hədəf 4 il sonra ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında eyni uğuru təkrarlamaqdır.
BƏHRUZ MUSAYEV, GƏNCƏ