Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Milli komandamız Millətlər Liqasının ilk turu çərçivəsində dünən evdə İsveçə uduzdu (1:3). Matçla bağlı fikirləriniz necədir? Sizcə, hesab oyuna görə oldu?

– Millimiz oyuna pis başlamamışdı. Matçın ilk dəqiqələrindəcə Ramil Şeydayevin 100 faizlik qol imkanı oldu. Amma həmin epizodda fərqlənməsi üçün ustalıq səviyyəsi çatmadı. Bundan əlavə, penalti epizodunu da dəyərləndirə bilmədik. Xüsusən, ilk hissədə hesabı açmaq üçün yaxşı imkanlarımız var idi, ancaq hamısını boşa verdik. Rəqib də boş dayandırmırdı, onların da qol epizodları olurdu. Lakin real qol imkanları bizdə daha çox idi.

– Qaçırılan penaltinin oyunun qırılma nöqtəsi hesab etmək olar?

– Mən belə hesab etmirəm. Çünki penaltiyə qədər də, ondan sonra da qol şanslarımız var idi. Sadəcə, fərqlənə bilmirdik. Epizodları dəyərləndirmək üçün soyuqqanlı olmaq lazım idi. Millimizin oyunçularında isə bu çatışmırdı. Əvəzində rəqib əlinə düşən fürsətlərdən lazımınca yararlandı. İsveç yığmasının Aleksander İsak kimi təcrübəli hücumçusu var. İsak soyuqqanlılığı ilə bizim futbolçulara dərs keçdi.

– Emin Mahmudov kimi penalti ustası ola-ola 11 metrlik zərbəni Ramil Şeydayevin vurması səhv addım deyildi?

– Xatırladığım qədərilə, “Qarabağ”da oynayanda 1 mövsüm bütün penaltiləri Ramil yerinə yetirmişdi. Onun da penaltiləri yaxşı vurduğunu görmüşdük. Demək olar ki, bir çox penaltini dəqiq yerinə yetirmişdi. Dünən şanssızlıq yaşadı. Penaltini Emin qaçırsaydı, onun üstünə düşəcəkdik. Belə hallar futbolda olan şeylərdir. Əlbəttə ki, Ramil penaltini dəqiq yerinə yetirsəydi, daha yaxşı olardı.

– Bu görüş Fernandu Santuşun rəhbərliyi altında millimizin ilk oyunu idi. Matçın gedişində yığmamızın oyununda hər hansı bir fərqli element gördünüzmü?

– Çox da fərqli şey görünmürdü. Sadəcə, dayaq yarımmüdafiəçilərimiz, xüsusən də, Aleksey İsayevlə Coşqun Diniyev mərkəz müdafiəçilərinə çox yaxın oynayırdılar. Bu, Santuşun tapşırığı idi. Millimiz rəqibə ortadan oynamağa imkan vermirdi. Məhz bu səbəbdən dayaq yarımmüdafiəçilərini arxaya çəkmişdi, müdafiəçilərə yaxın oynadırdı. İsveç millisi cinahlardan çox istifadə etmirdi. Xüsusən, ilk hissədən görünürdü ki, mərkəzdən hücum qurmaq istəyirlər. Amma həmin epizodlarda rəqibin önünü kəsməyi yaxşı bacarırdıq. Yeganə fərqli element kimi bunu deyərdim.

– Millətlər Liqasındakı növbəti matçımız səfərdə Slovakiyaya qarşı olacaq. Bu görüşdə yaxşı nəticəyə ümid edə bilərik?

– Slovakiya yığması güclü rəqibdir, son vaxtlar əla formadadırlar. Hazırda ən yaxşı dövrlərindən birini keçirirlər. Millimiz üçün çətin olacaq. Üstəlik, səfərdə oynayacağıq. Yığmamıza uğur arzulayıram. İnşallah, çətin rəqiblə səfər matçında yaxşı nəticəyə imza atarlar. İsveçə məğlubiyyətdən sonra Slovakiyada qeydə alınacaq heç-heçə də bizim üçün uğurlu nəticə sayılar.

ABBAS

Shares: