“Bu durumda hər kəs günahkardır. Sadəcə, futbolçunun adını iştirak ərizəsinə salmamış meydana buraxanda ani diqqətsizlik olub”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında texniki məğlubiyyət alan “Hypers Guba” klubunun idman direktoru Fuad Cəfərov deyib.

O, Hakan Həsənovu diqqətsizlikdən meydana buraxdıqlarını bildirib: “Belə bir şeyin olmasını istəməzdik. Hakan Həsənov müqaviləyə əsasən bizə məxsus oyunçudur. Bu durumda hər kəs günahkardır. Sadəcə, onun adını iştirak ərizəsinə salmamış meydana buraxmamalıydıq. Qarşıda hələ çox oyunlarımız var. Komandada əhval-ruhiyyə yüksək şəkildədir. Futbolçularla bununla bağlı söhbətimiz olub. Hər şeyə yenidən başlayacağıq. 2 gün sonra vacib oyunumuz var. Ona görə sabah Şəmkirə yola düşürük”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Hypers Guba” klubuna 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb I tur matçında protokolda adı olmayan Hakan Həsənovun meydana daxil olmasıdır. Region təmsilçisi buna görə 400 manat cərimələnib.

GÜNAY SÜLEYMANOVA

Shares: