İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə start verib.
Bəşir Verdiyev (57 kq) təsnifat mərhələsində braziliyalı Kayo Duarteylə bacarmayıb – 3:14.
Ayxan Abdullazadə (65 kq) debütdə rumuniyalı Daniel Sanduya heç bir şans tanımayıb – 12:2. Həmyerlimiz 1/8 finalda ermənistanlı Arman Musikyanı mübarizədən kənarlaşdırıb – 12:8. Abdullazadə növbəti mərhələdə iranlı Ali Xorramdelə 6:9 hesabıyla məğlub olub. Ali finala yüksəldiyi üçün Ayxan sabah təsəlliverici görüşə çıxacaq. Rəqib türkiyəli Abdullah Toprak olacaq.
Ramik Heybətov (70 kq) təsnifat mərhələsində ukraynalı Boqdan Olinikə 2:3 hesabıyla məğlub olub.
Emin Qocayev (79 kq) qırğızıstanlı Adilet Akilbekov üzərində inamlı qələbə (15:8) qazansa da, 1/8 finalda belaruslu Dmitri Lukaşuka 1:3 hesabıyla uduzub.
Xetaq Karsanov (97 kq) debütdə qırğızıstanlı Aytenir Maksatovu vaxtından əvvəl xalçadan məyus yola salıb – 11:0. Ancaq 1/4 finalda ciddi müqavimətlə üzləşib. Karsanov türkiyəli Rıfat Qıdakı minimal fərqlə (2:1) üstələyərək yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz slovakiyalı Adam Jaksikə “tuş”la qalib gələrək adını finala yazdırıb. Xetaq həlledici qarşılaşmada ötən il böyüklər arasında dünya çempionu olmuş Rizabek Aitmuxanla (Qazaxıstan) güləşəcək.