Fernandu Santuşun başçılığı altında ilk oyununa çıxan millimizin İsveç yığmasına Bakıda məğlubiyyəti hələ uzun müddət yaddaşımızdan silinməyəcək. Necə Canni de Byazinin başçılığı altında Bakıda skandinaviyalıları 3:0 hesabı ilə məğlub etmək ölkədə geniş əks-səda doğurdusa, eləcə də bu məğlubiyyət geniş müzakirələrə yol açdı.

Belə baxanda, komandamız həmin 3:0 hesabı ilə qalib gəldiyimiz oyunla müqayisədə elə də pis oynamadı. Nəzərə alaq ki, həmin oyunda isveçlilər DÇ-yə yollanmaq şanslarını itirdiyinə görə Bakıya ruh düşkünlüyü ilə gəlmişdilərsə, bu dəfə çox istəkli idilər. Amma oyun göstərdi ki, Yanne Andersonun komandası kimi, Yon-Dal Tomassonun əlinin altındakılar da məğlubedilməz deyil. Sadəcə, oyun boyunca ələ düşən imkanları qaçırmaq, penaltidən yararlana bilməməklə rəqibə qol-qanad verdik. İstənilən halda, qapımızda gördüyümüz 3 qol yenə də müdafiə problemlərini həll edə bilmədiyimizi göstərdi.

İndi millimizi səfərdə Slovakiya ilə daha çətin oyun gözləyir. Məsələ ondadır ki, hazırda slovaklar komanda kimi isveçlilərdən daha yaxşı vəziyyətdədir. “Tre Krunnur” son iki böyük turnirdən kənarda qalıbsa, Slovakiya son Avropa çempionatında 1/8 finala yüksəldi. Özü də az qala çempionatın finalçısı İngiltərə yığmasını adlayacaqdılar. Doğrudur, İsveç kimi onların da vaxtilə dərsini vermişik. Amma şimali avropalılarla oyun göstərdi ki, kimlərinsə ayağını tapdalamaq heç də xeyrimizə işləmir. 2022-ci ilin sentyabrın 22-də Trnavadakı oyunda 2:1 hesabı ilə qalib gəlməyimizin acığını Koşitsedə artıqlaması ilə çıxa bilərlər.

Rəqibi son Avropa çempionatında diqqətlə izlədik. Ona görə Françesko Kaltsonanın komandasını “lupa” ilə göstərməyə ehtiyac yoxdur. Slovakların heyəti bizə yaxşı tanışdır. Belə məqamda sadəcə Estoniya seçməsini səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyuna əsasən qarşıdakı matçın konturlarını cızmaq olar. Görəsən, estonları necə məğlub etdilər?

Son Avropa çempionatı ilə müqayisədə Kaltsona Estoniya və bizə qarşı oyunlarda 5 futbolçuya dəvət göndərməyib. Söhbət Vernon De Marko, Sebastyan Koşa, Patrik Hroşovski, Yuray Kutska və İvan Şrantsdan gedir.  Təbii ki, bu mənada İvan Şrantsın yoxluğu slovaklar üçün böyük itki sayılmalıdır. Praqa “Slaviya”sının hücumçusu son qitə çempionatında 3 qol vuraraq bombardirlər cədvəlində Harri Keyn, Kodi Qakpo, Jorj Mikautadze, Camal Musiala və Dani Olmo ilə eyni sırada qərarlaşdı.  Elə Avropa çempionatında hər oyunda meydana çıxan yarımmüdafiənin onurğa sütunlarından olan Yuray Kutskanın da yoxluğu da xüsusi qeyd olunmalıdır. Digər 3 oyunçu isə AÇ-də oyunları yalnız kənardan izlədi.

Amma iki aparıcı üzvü olmadan da səfərdə estonlarla görüşdə çətinliklə üzləşmədilər. Hələ estonlarla səfərdə oynadıqları halda xal itirmədilər. Bizi isə evlərində qəbul edəcəklər.

Bir məsələ var ki, İsveç millisi kimi yüksək tempdə oynamağı sevmirlər. Bu komandada Qyökereş, Elanqa, İsak və Kuluşevski kimi texnikalı futbolçular yoxdur. Yəni oyunlarını oxuyub zonaları bağlamaq olar. Amma  təbii ki, futbolçularının səviyyəsi bizimkilərlə müqayisədə çox yüksəkdir. Hücum edərkən daha çox uzaqdan qüvvətli zərbələrə üstünlük verirlər. Ümumiyyətlə, slovakiyalı futbolçular qapını gördüsə, məsafəyə baxmırlar. Estoniya millisi ilə Tallindəki oyunda demək olar ki, bu işlə məşğul oldular. Cərimə meydançasına yerlə iti ötürmələri də yaxşı bacarırlar. Ani diqqətsizlikdən məharətlə yararlanırlar. Məsələn, biz İsveç seçməsinə qarşı ilk hissədə xüsusən də Bəhlul Mustafazadə sayəsində kritik ötürmələrin qarşısını alırdıq. İkinci hissədə bunu bacarmadıq. Slovaklar da eyni üsluba sadiq qalmağı bacarır.

Amma onların skandinaviyalılardan bir fərqi var: müdafiədə boşluq vermirlər. 70-ci dəqiqədə Suslovla hesabı açana qədər estonlar demək olar ki, onların cərimə meydançasına daxil ola bilmədi. Yalnız qoldan sonra bir təhlükəli vəziyyət yaratdılar. Halbuki, biz Tomassonun qapısı qarşısında rahat hərəkət edə bilirdik. Kaltsonanın komandası bizə buna o qədər imkan verməyəcək.

Heyətə nəzər salsaq, yenə də böyük ehtimalla qapını “Nyukasl”ın üzvü Martin Dubravka qoruyacaq. Müdafiənin mərkəzində PSJ-də çıxış edən komandanın kapitanı Milan Şkrinyarla “Kalyari”nin üzvü Adam Obert qərarlaşa bilər. Şkrinyarın da “İnter” məktəbi keçdiyini nəzərə alsaq, “italyanlar”ın arasına sızmaq bizim üçün çətin olacaq.  Sol cinahda “Feyenoord”un “şaqqıldayan qanadları”ndan olan David Hankoya xüsusi diqqət ayırmalıyıq. O, təkcə şığımır, həm də qol vurur.  12 il “Herta”da çıxış etdikdən sonra yayda Berlindən ayrılan və hazırda klubsuz qalan Peter Pekarik isə sağ cinahda bizi rahat buraxmayacaq.

Yarımmüdafiə xəttində də “italyanlar” bizimkilərə qarşı sipər rolunu oynayacaq. “Verona”dan Ondrej Duda ilə “Napoli”dən Stanislav Lobotkanı zərərsizləşdirsək, xal qazanmaq şansımız xeyli artacaq.  Hələ “Yunion Berlin”dən Laszlo Beneşi də nəzərdən qaçırmaq olmaz.

Hücumun cinahlarına gəlincə, sağ tərəfdən Praqa “Sparta”sından Lukaş Haraslin, sol tərəfdən “Verona”dan Tomaş Suslov reydlər edəcək. Hücumun sivri ucunda ya “Boavişta”dan Robert Bojenik, ya da “Slovan Bratislava”dan David Strelets oynayacaq. Hər halda, bu oyunçular Şrants məhsuldar deyil. İndiki məqamda ən zəif yerləri elə hücumun sivri ucudur. Ancaq səhvi bağışlamırlar. Bir sözlə, meydanda nə etmək istədiyini bilən səliqəli və fiziki cəhətdən çox güclü komandaya qarşı oynayacağıq. Görək, Santuş onları necə təhlil edəcək?!

Azərbaycan – Slovakiya rəqabəti:

1. 29.03.1995. Koşitse. AÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 4:1

2. 16.08.1995. Trabzon. AÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 0:1

3. 05.09.1998. Koşitse. AÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 3:0

4. 09.10.1999. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 0:1

5. 28.03.2001. Trnava. DÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 3:1

6. 06.06.2001. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 2:0

7. 11.06.2019. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Slovakiya 1:5

8. 19.11.2019. Trnava. AÇ, seçmə mərhələ. Slovakiya – Azərbaycan 2:0

9. 10.06.2022. Bakı. Millətlər Liqası. Azərbaycan – Slovakiya 0:1

10. 22.09.2022. Trnava. Mlillətlər Liqası. Slovakiya – Azərbaycan 1:2

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp