“Kəpəz” heyətini gücləndirməkdə davam edir. Baş məşqçi postunda Adil Şükürovu Azər Bağırovun əvəzləməsindən sonra rəhbərlik kisənin ağzını açıb.

Düzdür, məhdud büdcəli klubun pulu haradan tapdığı bəlli deyil. Amma yəqin ki, klub idarəçiləri 5 turdan sonra xalsız qalan komandanın xilas etmək üçün hər yola əl atır.

Gəncəlilər bir neçə fərqli mövqeyə oyunçu axtarır. Yarımmüdafiənin dayaq bölgəsinin gücləndirildiyi isə dəqiqdir. Misli Premyer Liqasında çıxışından tanıdığımız iki legioner “Kəpəz”də oynamağa razılıq verib.

Bunlardan biri ötən mövsüm də qərblilətin formasını geyən Olevale Onanunqadır. Yayda Birləşmş Ərəb Əmirliklərinin “Əl Nəsr” klubuna keçən 26 yaşlı nigeriyalının işləri qaydasında getmir. Bu səbəbdən o, Asiya klubu ilə vidalaşıb Gəncəyə qayıtmağa hazırlaşır. Keçid yaxın günlərdə rəsmiləşməlidir.

“Səbail”dən tanıdığımız, yayda Bayıl təmsilçisindən ayrılan Valdemar Antonio Almeyda (qısaca Pana) da “Kəpəz”dədir. 32 yaşlı Anqola əsilli portuqaliyalı 5 gündür komandanın məşqlərinə qoşulub. Onunla bir illik müqavilə imzalanacaq.

Gəncəlilər yerli oyunçu transferlərinə də davam edir. Keçidi çoxdan gözlənilən Turan Manafov komandanın məşqlərinə qoşulub. Onunla anlaşmanın rəsmən açıqlanması da an məsələsidir.

Bu futbolçuların gəlişi bir neçə nəfərin yola salınmasına səbəb olacaq. Rəhbərlik Adil Şükürovun istəyi ilə transfer olunun bəzi legionerləri yola salmağa çalışır. Mövsümün startı ərəfəsində heyətə qatılan, amma ilk turlarda özünü heç cür özünü göstərə bilməyən belə futbolçulardan biri Redon Mihanadır. Alban müdafiəçi ilə razılıq əldə olunsa, onunla yollar ayrılacaq. Heyətə ən gec qoşulan Markolino Keverton da yeni dayaq yarımmüdafiəçilərinin gəlişi ilə lazımsıza çevrilib.

“Kəpəz”in güclənməsi yaxşı haldır. Amma səriştəsizlikdən atılan bəzi addımların əziyyətini elə klub çəkir. Bu qədər oyunçu transferi legionerlərə qoyulan limit üzündən problem yaradacaq, hədd keçiləndən sonra əlavə rüsum ödəmək lazım gələcək. Eyni zamanda yola salınacaq oyunçulara müəyyən kompensasiya ödəmək qaçılmazdır. Öz “menecer “kruq”u” olan icraçı direktor İlqar Nadirlinin bunu necə bacaracağını bilmirik, lakin yeni oyunçuların 6-cı turdan Bağırovun ixtiyarında olacağı dəqiqdir.

CAVAD

Shares: