Murad Musayevin uğurlu fəaliyyətindən sonra “Sabah”a dəvət olunacaq yeni məşqçinin nə dərəcədə öz işinin öhdəsindən gələcəyi hamımıza maraqlı idi. Zaman göstərdi ki, yeni əcnəbi mütəxəssis heç də sələfindən geri qalmır.
Bosniya və Herseqovinanın “Zrinski” klubuna çempionluq bəxş edən və bu komandanı Konfrans Liqasının qrup mərhələsinə daşıyan Krunoslav Renduliç Azərbaycanda da haradasa faydalı iş əmsalı ilə yadda qaldı. Komandanı çətin vəziyyətdən çıxarıb Konfrans Liqası vəsiqə qazanmaq, orada da dərhal Hayfa “Makkabi”sini keçmək az iş deyil. Təbii ki, “Sent-Patriks”ə yenilgi bir qədər əhval-ruhiyyəmizi korladı. Amma istənilən halda, xorvatiyalı baş məşqçiyə güvənməyə dəyər. Elə Masazıra yollanıb onunla söhbətləşəndə də hiss etdim ki, qarşındakı futbol ölkəsindən çıxan ambissiyalı biridir. Təbii ki, belə bir futbol adamı ilə karyerasını vərəqləmək, vətəndaşı olduğu futbol ölkəsininin ənənələrindən danışmaq da xoşdur.
– Azərbaycanda işləriniz necə gedir?
– Mən bura işləməyə gəlmişəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Demək olar ki, günlərimiz eyni keçir. Mən əsasən komandanı məşqlərdə çox yaxşı hazırlaşdırıram. Futbolçular da bacardıqlarının ən yaxşısını edir. Hamımız çalışırıq ki, “Sabah” uğurlu nəticələr əldə etsin.
– Futbolçu karyeranıza “Osiyek”də başlamızınız, bu klubun yetirməsisiniz. Azərbaycanda da “Osiyek” artıq tanınan komandadır. “Osiyek” sizin üçün nə deməkdir?
– Mən Xorvatiyanın Vinkovci şəhərində dünyaya göz açmışam. Futbolda da ilk addımlarımı məhz bu şəhərdə atmışam. Yaşadığım məntəqə ilə Osiyek şəhəri arasında 45 dəqiqəlik məsafə var. Ora yollandım və ilk olaraq “Osiyek”in gənclərdən ibarət komandasında oynamağa başladım. 4 il bu gənc komandada çıxış etdim, daha sonra klubla peşəkar müqavilə imzaladım. Təxminən 9 il bu komandanın şərəfini qorudum. Ümumiyyətlə, “Osiyek” Xorvatiyanın çox böyük klublarından biridir. Yuqoslaviya müharibəsindən sonra “Osiyek” də digər Xorvatiya klubları kimi çox çətinliklərlə üzləşib. Buna baxmayaraq, hazırda mənə doğma olan bu klub addım-addım irəliləyir, yavaş-yavaş böyüyür. Klubun sahibi macarıstanlı iş adamıdır. O, “Osiyek” üçün böyük bir stadion inşa edib. Hazırda klubun vəziyyəti əvvəlki illərlə müqayisədə daha yaxşıdır.
– Niyə “Zirə”yə uduzdu, gözləyirdiz?
– Hər iki oyun bərabər mübarizə şəraitində keçdi. Məncə, “Osiyek” “Zirə” ilə oyunda bombardiri Ramon Myeresi satmaqla böyük bir səhvə yol verdi. Myeres son iki mövsümdə Xorvatiyada ən çox qol vuran oyunçulardan biri idi. “Zirə”ni mübarizədən kənarlaşdırmaq istəyirsənsə, oyundan iki gün əvvəl ən yaxşı hücumçunu satmağa haqqın yoxdur.
– Xorvatiyada “Şibenik, “Hayduk” və “Rieka” kimi köklü klublarda oynamısınz. Amma nədənsə ölkə futbolunun flaqmanı “Dinamo”da çıxış etməyə imkan tapmamısınız. Səbəbini bilmək olar?
– Bunun sadə bir cavabı var: mən “Dinamo” üçün yaxşı oyunçu deyildim.
– Heç yığmaya da dəvət almamısınız. Belə çıxır ki, Zaqreb klubu səviyyəsinə yüksəlməmisinizsə, millidən də əlinizi üzməlisiz…
– Həyatda nəyə nail olmuşamsa, öz hesabıma etmişəm. Heç kim məni dəstəkləməyib. Futbolçu olarkən nələrdən keçmişəmsə, məşqçilik dövründə də belədir. Bilmirəm, bunu yaxşı hal saymaq olarmı?! Amma mən keçdiyim yoldan məmnunam. Heç kim mənə deyə bilməz ki, “Krunoslav, mən sənə həmişə kömək etmişəm, mən sənə həmişə dəstək olmuşam”.
– Uzun müddət legioner həyatı yaşamamısınız. Bu, sizin daha da püxtələşməyinizə mane olub?
– İki il Sloveniyanın “İnterblok” klubunda çıxış etmişəm, amma mən də ona legioner həyatı kimi yanaşmıram. Çünki hamımız Yuqoslaviya “mətbəxinin içində bişmişik”.
– “Hayduk”da Slaven Biliçin başçılığı altında çıxış etmisiniz. Biz Slaven Biliç deyəndə həm də AÇ-2008-ci ilin Xorvatiya millisini xatırlayırıq. Qrupda Almaniya yığmasını rahatlıqla məğlub etmək, 9 xalla pley-offa yüksəlmək və orada Türkiyə seçməsinə dramatik məğlubiyyət… Necə düşünürsüz, həmin məğlubiyyət olmasaydı, milli komandanız Avropa çempionatında hara qədər irəliləyərdi?
– İndi həmin dövr haqda danışmaq çox çətindir. Əlbəttə, Xorvatiya millisi həmişə ən güclülərdən olub. Amma həmin oyunda Türkiyə yığmasına uduzmasaydıq, bəlkə o biri oyunda uğursuzluqla üzləşərdik. Sadəcə, onu deyə bilərəm ki, xorvatlar digər Yuqoslaviya ölkələrindən daha döyüşkənliyinə görə fərqlənir. Biz milli komandamız üçün canımızdan keçərik, bununla da fəxr edirik.
– Karyeranızda çox klub dəyişmisiniz. Mən hesabladım, “Osiyek”dən sonra bəzilərinə qayıtmaq şərti ilə 13 dəfə yer dəyişmisiniz. Niyə bir yerdə çox qərar tuta bilməmisiniz?
– Bunun sadə bir səbəbi var: mən futbol oynamağa müharibə dövründən sonra başlamışam. O vaxt hər şey çox pis idi. Demək olar ki, bütün klublar oyunçuları aldadırdılar. Sən məni aldadırsansa, mən niyə burada qalmalıyam ki?! Məcbur idim ki, gedim. Məsələn, mən bir klubda yaxşı çıxış etdikdən sonra yeni müqavilə üçün mənə çox az məvacib təklif edirdilər. Təbii ki, razılaşmırdım. Nəticədə məndən daha pisini gətirib ona daha yaxşı məvacib verirdilər.
– 2014-cü ildə karyeranızı bitidrikdən sonra İrana yollanmısız və “Fulad” komandasında çalışmısınız. Dəvət sizə necə gəldi?
– Mənə “Riyeka”da sabiq baş məşqçim Draqan Skoçiç dəvət göndərdi. Yeri gəlmişkən, hazırda o Təbrizin “Traktorsazi” klubunu çalışdırır. Həmin vaxt karyeramı bitirməyə hazırlaşarkən məşqçilik kurslarını oxuyurdum. Skoçiç mənim xarakterimi və necə bir insan olduğumu bilirdi. Elə məşqçilik karyerama da orada başladım.
– “Traktor”dan söz düşmüşkən, yəqin ki, “Səhənd” stadionuna da yolunuz düşüb. Necə təsir bağışladı ora sizin üçün? Ümumiyyətlə, orada olarkən bildiz ki, İranda milyonlarla azərbaycanlı var və onların sayı buradakılardan da çoxdur?
– Əlbəttə. İranda 20 milyon azərbaycanlı yaşayır. Təbrizdəki azarkeşlər əməlli-başlı futbol dəlisidir. Məsələn, iki həftə əvvəl “Traktor” “Persepolis”lə oynadı və stadionda 70 min adam var idi.
– 2018-ci ildə Xorvatiya çempionatında çıxış edən “İstra”dan dəvət almısınız. 13-cü turdan bu komandanı götürdüz, 11 oyunda 7 məğlubiyyətdən sonra istefaya göndərildiniz. 10 komandalıq çempionatda fəaliyyətə başlayanda “İstra” 9-cu yerdə idi və 6-cı yerdən 4 xal geridə qalırdı. Siz istefaya gedəndə isə artıq bu fərq 17 idi. İlk fəaliyyətiniz niyə belə bir qədər uğursuz oldu?
– Mən həmin mövsüm komandaya dəvət alan 3-cü məşqçi idim. Mövsüm iyulda başlayır, mən isə komandanı oktyabrın sonunda götürmüşdüm. “İstra” o vaxt çox pis vəziyyət idi. Ümumiyyətlə, həmin dövrlər bu klub 3 fərqli adama satılmışdı. Əvvəlcə, ruslar işlədi, sonra amerikalılar gəldi, sonda ispanların əlinə keçdi. İspanlar isə bizim “futbol mətbəxi”mizi bilmirdi. Elə bildilər ki, İspaniyanın 3-cü və 4-cü divizionlarında çıxış edən futbolçuları Xorvatiyada oynatmaqla nəyəsə nail ola bilərlər. Təbii ki, səhv yolda idilər. Mən ora gedəndə klub problemlər içində boğulurdu.
– 2019-cu ildə 1-ci Liqada “Sibenik”in “sükanı arxasına” keçdiniz. Nəzərə alaq ki, 1997-99-cu illərdə orada futbolçu kimi də çıxış etmisiniz. Bu klub 8 illik fasilədən sonra elitaya məhz sizin sayənizdə vəsiqə qazandı. Amma komandanı yüksək liqada, 2021-ci ilin fevralında ardıcıl 6 matçlıq uğursuz seriyadan sonra tərk etdiz.
– “Sibenik” də Xorvatiyanın böyük klublarından sayılır. Mən bu komanda ilə böyük uğurlar əldə etmişəm. Ümumiyyətlə, bu komanda əsasən elitada olub. Bəzi vaxtlar II Liqada mübarizə aparıb, 1 il də maliyyə problemlərinə görə III Liqaya düşüb. Mən bu klubu götürəndə, xatırlatdığınız kimi, 8 il aşağı divizionlarda olub. Gəldiyim mövsümdə fəaliyyətimizin uğurlu nəticəsi sayəsində elitaya qayıtdıq. Özü də çox aşağı maliyyə şərtləri ilə buna nail olduq. Həmin vaxtda da klub satışa çıxarıldı və nəticədə kolumbiyalı iş adamına qismət oldu. İş elə gətirdi ki, klubun yeni sahibi ilə anlaşa bilmədim. Nəzərinizə çatdırım ki, həmin dövrdə biz tarixdə ilk dəfə Zaqreb “Dinamo”sunu səfərdə məğlub etdik, həmçinin “Hayduk”dan da üstün olduq. Mövsümün sonuna 10 oyun qalmış klubun sahibi məni istefaya göndərdi. Özü də çox gülməli vəziyyətdə. Sadəcə, mesaj yazmaqla bunu mənə bildirdi. Həmin vaxt 6-cı yerdə idik, nə 5-ə qalxa bilərdik, nə də 7-yə düşürdük. Maraqlıdır ki, mənim yetirşdiriyim oyunçuları yaxşı qiymətə satırdılar. 6 aydan sonra özləri də klubdan xeyli qazancla getdilər.
– Cəmi 2 ay sonra yüksək divizionun digər klubu “Qoritsa”nın baş məşqçisi təyin olundunuz. Əslində, bu komanda 2021/22 mövsümünə pis başlamışdı. 19 turdan sonra 5-ci pilləyə də yüksəldiniz. Amma sonradan “Qoritsa”da eniş dövrü yaşandı. Dekabrın ortalarından etibarən isə vəziyyət artıq nəzarətdən çıxdı. “Qoritsa” çempionatda ardıcıl 6 oyunda məğlub oldu, ölkə kubokunun yarımfinalında isə “Hayduk”a uduzunuz. Nəticədən istefaya göndərildiniz.
– “Qoritsa”nın prezidenti gənc oyunçularla yaxşı işlədiyimə görə məni komandaya dəvət etdi. Həmin vaxt bu klub öz siyasətini dəyişmişdi. Komandaya II Liqadan xeyli oyunçu dəvət etmişdi. Qarşıma 5-6-cı yerləri tutmağı və ötən mövsümdə olduğu kimi, kubokda yarımfinala qədər irəliləməyi vəzifə kimi qoydular. Həm də ki, gənc oyunçularımızı inkişaf etdirmək lazım idi.
– Gəlib çıxdıq məşqçilik karyeranızın zirvəsi olan Bosniya və Herseqovinanın “Zrinski” klubuna. Bu komandaya Bosniya və Herseqovina çempionluğunu və kubokunu qazandırdınız. Çempionlar Liqası və Avropa Liqasında mübarizəni dayandırsanız da, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandınız. Orada da evdə “Alkmaar”ı məğlub etdiniz, “Aston Villa”dan xal aldınnız. Səfərdə isə “Aston Villa”ya son saniyələrdə qapınızda gördüyünüz topla uduzdunuz. Bir az bu haqda danışardınız.
– Əvvəla, onu deyim ki, “Zrinski” Bosniya və Herseqovinanın çox böyük klublarından biridir. Bu komanda hər il avrokuboklarda oynayır. Onlar Avropada uğurlu çıxış etməyə mental cəhətdən hazır idilər. Mən bu klubun təklifini qəbul edərkən, 2-ci pillədə qərarlaşan komandadan 3 xal geridə idik. Biz mövsümü bitirəndə artıq onlardan 20 xal öndə qərarlaşmışdıq. Nəticədə çempion olduq, kuboku qazandıq. Mən onda hiss etdim ki, bu komanda Avropada nəsə edə bilər. Buna baxmayaraq, yayda 2-3 aparıcımız futbolçu sıralarımızı tərk etdi. Onlardan biri hazırda Zaqreb “Dinamo”sunda, digəri isə “Riyeka”da çıxış edir. Ümumiyyətlə, avrokuboklara daha zəif heyətlə start verdik. Amma ÇL-də Ermənistanın “Urartu” klubunu keçib daha yaxşı mövqeyə qalxdıq. 2-ci mərhələdə Bratislava “Slovan”ına 0:1 hesabı ilə uduzduq, amma cavab oyununda 2:2 hesablı heç-heçə oynadıq. Avropa Liqasının 3-cü mərhələsində İslandiyanın “Breydablik” klubunu evdə 3:2 hesabı ilə məğlub etdik, nəticədə mərhələ adladıq. Avropa Liqasının pley-offunda Avstriyanın LASK klubunu da keçə bilərdik. Evdə 1:1 hesablı heç-heçə etdik, səfərdə 1:2 hesabı ilə uduzduq. Ümumiyyətlə, LASK bizimlə ev oyununda cəmi 1 hücum qurdu, o da qol oldu. Nəticədə Konfrans Liqasının qrupuna düşdük. Beləliklə də, Bosniya və Herseqovina tarixində ilk dəfə bu ölkənin klubu avrokubokların qrupuna vəsiqə qazandı. Orada da yaxşı çıxış etdik.
– Yuqoslaviya dövründə, 1950, 60, 70-lərdə Yuqoslaviyada əsas fiqurlar xorvarlar idi, yoxsa serblər?
– Əslində, hər iki ölkənin tarixində çox güclü futbolçular olub. Bizim həmişə aramızda rəqabət olub. O vaxt mübahisələr düşürdü. Xorvatlar deyirdi ki, baş məşqçi niyə bizim oyunçuları milliyə dəvət etmir, serblər deyirdi ki, niyə millinin çalışdırıcısı bizimkiləri kənarda qoyur? Müharibədən əvvəl Çilidə keçirilən 19 yaşa qədər futbolçular arasında dünya birinciliyində Şuker, Yarni, Boban və Prosineçki kimi oyunçular əsas fiqurlar idi. Gələcək komandanın bünövrəsini bu futbolçular qoydu.
– Yuqoslaviya dağılandan sonra ittifaq ölkələri arasında diqqət mərkəzinə xorvatlar düşdü. DÇ-1998-dəki Şuker, Prosineçki və Bobanlı nəsil bürünc medal qazandı və illər ötdü, 2018-də gümüş və son mundialda yenə bürünc. Bu müddət ərzində isə serblərdən ibarət keçmiş Yuqoslaviya millisi, daha sonra Serbiya və Çernoqoriya, indi də Serbiya heç bir varlıq göstərə bilmir. Son turnirlərdə də qrupda qalırlar. Onları nədə üstələyirsiz?
– Bizim ölkəmiz qan üzərində qurulub. Müstəqilliyimizi çətinliklə qazandıq. Biz millimizə canla-başla qulluq etdik, meydanda döyüşdük. Bizim üçün millidə oynamaq futboldan daha artıqdır. Bəli, serblərin də bizim kimi yaxşı heyətləri var. Sadəcə, onlar yaxşı komanda qura bilmirlər.
– Elədirsə, “Srvena Zvezda” 1991-ci ildə Çempionlar Kubokunu qazananda xorvatlar hansı hissləri keçirmişdi?
– Müharibənin qızğın dövrləri idi. O dövrdə xorvatlar futbol haqda fikirləşmirdi. Amma təbii ki, serblər üçün bu, böyük bir nəticə idi.
– Zaqreb “Dinamo”su 4 dəfə Yuqoslaviya çempionu olub. Belə baxanda çox pis göstəricidir. Necə düşünürsünüz, serblər sizi sıxışdırırdı? Halbuki bu komanda 1963-də Yarmarkalar Kubokunda final oynayıb, 1967-də onun qalibi olub.
– Bu haqda konkret fikir bildirmək çox çətindir. Hərçənd mən bu haqda çox mütaliə etmişəm. Xorvatiyada belə bir fikir formalaşıb ki, Yuqoslaviya çempionunu siyasətçilər müəyyənləşdirirdi. Amma bunun nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini söyləyə bilmərəm. Onu da deyim ki, “Hayduk”un da “Dinamo”dan daha uğurlu çıxış etdiyi dövrlər olub.
– Siz hazırda futbolda çox güclü olduğunuz halda, basketbol və voleybolda serblərdən geridəsiniz. Halbuki, 1992-ci ildə Olimpiadanın basketbol finalında “Drim tim”ə qarşı oynamışdız. Amma indi Serbiya millisi möhtəşəmdir, Nikola Yokiç və Boqdan Boqdanoviç kimi basketbolçuları var. Niyə basketbolda gerilədiniz?
– 1992-ci ildə həqiqətən də ABŞ millisinə qarşı final oynayarkən bizim çox möhtəşəm basketbolçularımız olub. Amma Drajen Petroviç kimi əfsanəvi oyunçumuz avtomobil qəzasında həlak olanda sonra elə bil basketbolumuzun səviyyəsi bir qədər aşağı düşdü. Bəli, indi də yaxşı vəziyyətdə deyil. Biz indi futbolda necə güclüyüksə, serblər də basketbolda elədir. Amma gəlin, bir məsələni də unutmayaq. Serbiya bizimlə müqayisədə daha böyük ölkədir, əhalisi daha çoxdur.
– Millimizi sizin həmyerliləriniz, Xorvatiya futbolunun əfsanəsi Robert Prosineçki və Nikola Yurçeviç çalışdırıb. Onların buradakı fəaliyyəti Xorvatiyada izlənilirdi? Ümumiyyətlə, onların buradakı çıxışına orada necə qiymət verilirdi? Yeri gəlmişkən, həmin dövrlərdə milliniz iki dəfə Azərbaycana səfər edib və heç birində qələbə qazana bilməyib. Həmin oyunları izləmişdiz? Buradakı xal itkiləri Xorvatiyada necə əks-səda doğurdu?
– Əlbəttə, Prosineçki ilə Yurçeviçin Azərbaycandakı fəaliyyəti xorvatların diqqət mərkəzində idi. Bu da normal haldır. Bakıdakı iki oyuna da baxmışam. Təbii ki, bu iki oyunda millinizin bizdən xal almaları Xorvatiyada uğursuzluq kimi dəyərləndirildi, amma futbolda belə hallar baş verir.
– Artıq 10 ildən artıqdır ki, “Qarabağ” çempionatda hegemonluq yaradıb. Sizdə isə həmişə “Dinamo” hegemon olub. Niyə bu komandanı taxtdan salan yoxdur? Digər klublarda nə çatışmır?
– Bu komanda ölkənin ən yaxşısıdı. “Dinamo”nun böyük büdcəsi var. Yaxşı oyunçuları, yaxşı da məktəbləri var. Hər il transferlərdən təxminən 20-30 milyon avro gəlir əldə edirlər. Hər şey göz qabağındadır.
– Bəs “Qarabağ” niyə “Dinamo” ilə bacarmadı?
– “Dinamo” daha yaxşı oynadı, amma “Qarabağ”ın pis oynadığını da deyə bilmərəm. Qurban Qurbanovun komandası əla qol vəziyyətləri yaratdı, sadəcə, bunlardan yararlana bilmədi. Hər halda, “Qarabağ” bura qədər irəlilədi və bundan sonra Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq ki, bu da yaxşı nəticədir. Sadəcə, bu iki oyunda bir qədər oyunu alınmadı, ümumi planda isə komanda əla çıxış etdi.
– “Kamen İnqrad”dan sabiq komanda yoldaşınız olan, 2022-ci ildə isə “Zrinski”nin baş məşqçi postunda əvəzlədiyiniz Sergey Yakiroviçin “Qarabağ”ı məğlub etməsində az da olsa, payınız olub? Matçdan bir neçə gün əvvəl demişdiniz ki, zəng etməyib, amma əlaqə saxlaya bilər.
– İndi elə bir dövrdə yaşayırıq ki, bir komandanı izləmək üçün çox mükəmməl vasitələr var. İstənilən oyuna baxmaq mümkündür. Yakiroviç özü çox güman ki, rahat şəkildə 6-7 oyun izləyib. Onun kimdənsə informasiya almağa ehtiyacı yoxdur. Siz elə bilirsiz ki, o, Mahir Emreliyə zəng edib nəsə soruşub? İndiki dövrdə zəngə ehtiyac qalmır.
– Əhalisi Sankt-Peterburqdan az olan Xorvatiya son 26 ildə futbolda çox böyük uğurlar qazanıb. Buna baxmayaraq, ölkədə futbol infrastrukturun yüksək səviyyədə olduğunu demək olmaz. Qonşu Macarıstanda “Uypeşt”in akademiyasında 15-16 meydança olduğu halda, Xorvatiyanın ən yaxşı akademiyası sayılan Zaqreb “Dinamo”sunun 5, “Hayduk” və “Osiyek”in bir neçə, “Lokomotiv” (Zaqreb), “Rudeş” və “Qoritsa”nın cəmi 1 meydançası var. Son 20 ildə ölkənizdə təkcə “Osiyek”in stadionu tikilib, o da macar biznesmenin hesabına. Halbuki hesablamara görə, Xorvatiyada idman dövlətin ayırdığı puldan 500 qat artığını qazandırır. Bu möcüzənin izahı nədədir?
– Biz idmanda çox istedadlıyıq. Bu, bizim qanımızda və genimizdədir. Bəli, çox çalışırıq, amma istedad əsas amildir. Bərbad infrastruktura baxmayaraq, nəticə veririk.
– DÇ-1998-də böyük ulduzlarınız var idi ki, yuxarıda adlarını çəkdim, indi isə Modriç kimi əfsanəniz var. Sizcə, qazandığı uğur və sabitliyinə görə Modriçi tarixin ən yaxşı xorvat oyunçuçusu adlandırmaq olar?
– Son illərdəki çıxışlarını nəzərə alsaq, bəli! “Real”da 11 il oynayıb 27 titul qazanmaq mükəmməl göstəcidir. Üstəlik, o, Xorvatiya millisinin DÇ-də finala çıxmasında böyük rol oynayıb. Bəli, Şukerlə Prosineçki də “Real”da oynayıb, amma 11 il “Kral klubu”nda oynamaq asan deyil. 11 il ərzində 3 xanım dəyişmək olar (gülür). Modriç Xorvatiya tarixinin ən yaxşı futbolçusudur.
TAHİR MİRZƏ