“Araz-Naxçıvan” klubunun braziliyalı hücumçusu Ramon Maçadonun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 5-ci turunda səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldiyiniz oyunla bağlı fikirləriniz necədir?
– Maraqlı görüş alındı. Məncə, hər iki komanda yaxşı təsir bağışladı. Bizim daha yaxşı oynadığımızı deyə bilərəm. Fikrimcə, 3 xala layiq idik.
– Bu mövsüm 4 oyun keçirmisiniz və 7 xal toplamısınız. Nəticələr sizi tam qane edir?
– Çempionata çox yaxşı başladığımızı düşünürəm. Amma bilirik ki, hələ inkişaf etdirməli olduğumuz çox şey var. Əsas odur ki, daim inkişafda olaq. Qarşıdakı turlarda meydanda bir-birimizi daha yaxşı başa düşəcəyik.
– Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə sizə necə təsir edəcək?
– Fasilə yorulan futbolçular üçün istirahət, az oynayanlara isə daha çox məşq etmələri üçün əlverişlidir.
– Fasilədən sonra ilk oyununuzu “Kəpəz”ə qarşı keçirəcəksiniz. Yəqin ki, bu görüşdə qələbədən başqa nəticə sizi qane etməyəcək…
– Matça 3 xal üçün çıxacağıq. Amma bunun “Kəpəz”in turnir cədvəlindəki mövqeyi ilə əlaqəsi yoxdur. Rəqib komandadan asılı olmayaraq, biz həmişə qalib gəlmək üçün oynayırıq.
– Baş məşqçi Elmar Baxşıyevi əvvəldən tanımağınız adaptasiyanıza kömək edirmi? Hazırda özünüzü yaxşı formada sayırsınız, yoxsa əsl formanızı yığmağınız üçün bir qədər də vaxta ehtiyac var?
– Əlbəttə, Elmar Baxşıyevlə daha öncə də birgə işləməyimiz mənə çox kömək etdi. Onu bir müddətdir ki, tanıyıram və bu, yeni klubuma adaptasiyamı çox asanlaşdırdı. Düşünürəm ki, hazırda yaxşı formadayam. Malayziyada məşq etdiyim və oynadığım üçün Azərbaycana gələnədək heç bir tətilim olmayıb.
– “Araz-Naxçıvan” Azərbaycanda formasını geyindiyiniz 3-cü klubdur. Hazırkı komandanız vaxtilə oynadığınız “Neftçi” və “Qəbələ”dən nə ilə fərqlənir?
– Fərq yalnız köynəkdədir. Bakıda özümü evimdəki kimi hiss edirəm. “Neftçi” ilə Premyer Liqanın ikincisi oldum, “Qəbələ”də isə ölkə kubokunu qazandım. İnşallah, bu dəfə “Araz-Naxçıvan”da gözəl hekayə yazacağam.
FƏRİD