Azərbaycanın istedadlı şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb.

Futbolinfo.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Masters” turnirində çıxış edən şahmatçı beynəlxalq usta (International Master) adı üçün tələb olunan üçüncü normativi yerinə yetirib.

Təmsilçimizə beynəlxalq qrossmeyster olmaq üçün ilk normativi təsdiqləməyə cəmi yarım xal çatmayıb.

Şahmatçı açıqlamasında gələcək hədəflərindən danışıb:

“Əbu-Dabi turniri yaxşı keçdi. Hədəfim beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normativi yerinə yetirmək idi. Təəssüf ki, yarım xalım çatmadı. Amma həvəsdən düşmürəm. Şahmatı çox sevirəm, başa düşürəm ki, səylə çalışmağı davam etdirməliyəm, Hazırda arzum tezliklə beynəlxalq qrossmeyster olmaq və FIDE reytinqimi 2700 əmsala çatdırmaqdır. Bütün bunlardan sonra məqsədim milli komandada çıxış etməkdir”.

Xaqan Əhmədi çalışdıran məşqçi Rəsul İbrahimov onun perspektivini yüksək qiymətləndirib:

“Xaqanla ilk tanışlığım 2022-ci ilin sentyabrına təsadüf edir. İlk məşqdən onun barəsində çox müsbət fikirlərim yarandı. Yaşına görə yüksək erudisiyasını, şahmatda mübarizliyini xüsusi qeyd etməliyəm. Biz Orxan Abdulovla paralel olaraq Xaqanla işləməyə başladıq. Cəmi 5 ay ərzində şahmatçı əmsalını 2150-dən 2320-yə artırdı. 2023-cü ilin aprelində FIDE ustası adını qazandı. Cari ildə əsas hədəfimiz əmsalı 2400-ə çatdırmaq və beynəlxalq usta adına layiq görülmək idi. Xaqan ardıcıl iştirak etdiyi turnirlərdə yüksək nəticələrlə məqsədə nail oldu. 15-ə yaxın 2400 əmsala malik şahmatçını klassik oyunda məğlub etməklə böyük potensialının olduğunu təsdiqlədi. Ümid edirik ki, FIDE-nin Ümumdünya Şahmat Olimpiadası günlərində keçiriləcək konqresində beynəlxalq usta adı təsdiqlənəcək. 12 yaş 10 aylığında beynəlxalq usta olması nəticələrinin Teymur Rəcəbovla müqayisə olunmasına imkan verir. Bu normativləri Xaqan açıq beynəlxalq yarışlarda qazanıb. Azərbaycan Şahmat Federasiyası onun müəyyən yarışlarda iştirak etməsinə, eləcə də məşqçi ilə işləməsinə dəstək olur. Xaqanın qarşıya qoyulan böyük hədəflərə çatmaq üçün ayrıca sponsora ehtiyacı olduğunu düşünürəm”.

Xaqan Əhməd Azərbaycanın istedadlı şahmatçılarından sayılır. Cari ilin əvvəlində FIDE-nin təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib. O, 450 yeniyetmə arasından seçilərək əyani məşqlərə dəvət olunub.

Shares: