“Futbolçularımızın aqressivliyi çox aşağı səviyyədə görsənirdi. Baxmayaraq ki, mübarizə aparırdıq, amma bəlli bir epizodlarda, situasiyalarda aşkar şəkildə rəqibə məğlub olurduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Aslan Kərimov deyib.

Millimizin sabiq müdafiəçisi Slovakiya ilə matçın daha ağır keçdiyini düşünür: “Məncə, Slovakiya ilə oyun İsveçlə matçdan daha ağır keçdi. Baxmayaraq ki, onlardan daha az top buraxdıq, amma 3 gün sonra olan qarşılaşma bizim uşaqlar üçün hər zaman ağır keçir, tam bərpa oluna bilmirlər. Dünən də bunu açıq-aşkar hiss etmək olurdu. Çünki rəqib çox təcrübəli futbolçulara malik komanda idi və ona görə də bizim müdafiə xəttimizi rahatlıqla yarıb, istədiklərini həyata keçirə bildilər. İsveçlə oyudan fərqli olaraq bu matçda çoxlu qol imkanı yarada bilmədik. Bu da öndə oynayan futbolçularımızın aqressiv olmamasından irəli gələn amil idi”.

Kərimov buraxılan qollarda Amin Seydiyevin səhvi olduğunu, lakin vurulan qollarda tək onu günahlandırmağın düzgün olmadığını düşünür: “Təbii ki, qollarda Aminin səhvi var idi. Amma hər şeyi onun üstünə atmaq da düzgün olmaz. Penaltiyə qədər Rahil Məmmədovu çox asanlıqla keçirdilər. Bir mərkəz müdafiəçisini bu qədər asan divar ötürməsi ilə sanki minifutbol oynayırlar kimi keçməli deyillər. Ümumiyyətlə, müdafiəçilərimizin belə oynamasının əsas səbəbləri hücum xəttində olan oyunçularımızın böyük günahıdır. Bəlkə də azarkeşlər sonda Seydiyevin etdiyi səhvi görür. Düzdü, Aminin tərəfini saxlamaq fikrim yoxdu, lakin günahı tək onun boynuna yıxmaq olmaz. Çünki öndə oynayan hücumçular və hücumameylli yarımmüdafiəçilər belə önə gedirdilər, top itən zaman isə yeriyə-yeriyə geri qayıdırdılar. Ən azından topu almasan belə, rəqibə çətin anlar yaşadıb, onun önə oynamasının qarşısını almalısan. Amma bizim futbolçular bunu etmirdi. Belə olan zaman isə rəqib böyük qüvvə ilə müdafiə xəttimizin üstünə çıxır, qol imkanları yaradırdılar”.

Aslan bəy Emin Mahmudovun oynamamasından da danışıb: “Emin Mahmudovun oyunda olmaması hücum baxımından kreativliyimizi aşağı salmışdı. Hesab edirəm ki, Emin olsaydı, daha iti oynaya bilərdik. Son oyunlarda “Neftçi”də də ehtiyatda oturmuşdu. Bunların səbəbini mən də aydınlaşdıra bilmirəm. Ramil Şeydayev isə sonradan meydana girsə də, performansı ürəkaçan deyildi. Formada olmadığın üçün komanda yoldaşlarına kömək edə bilmirdi. Abbas Hüseynov üçün ağır zədədən sonra ardıcıl 2 çətin qarşılaşmada oynamaq asan olmamalıdır. Məncə, ona görə start heyətdə meydana çıxmadı. Amma ümumilikdə Abbas startda oynasa belə, bu oyunda qalib gəlmək bizim üçün çətin olacaqdı”.

GÜNAY SÜLEYMANOVA

Shares: