Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Futbolinfo.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılar sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.

Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək.

Qeyd edək ki, Çexiya – Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”)
Meydan oyunçuları: Emil Həsənzadə, Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (hamısı “Neftçi”).

Shares: