UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan İsveç yığmasının hücumçusu Viktor Qyokereş Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Futbolinfo.az İsveç mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun cari mövsümdəki performansı qitənin ən parlaq çıxışı hesab edilir.
“Sportinq”in forvardı Azərbaycanla oyunda 1, Estoniya ilə görüşdə isə 2 qola imza atıb. Portuqaliya təmsilçisində mövsümə əla başlanğıc edən futbolçunun millisində keçirdiyi həmin iki qarşılaşmadakı çıxışından sonra bir neçə böyük klub onunla maraqlanmağa başlayıb. Qyokereş cari mövsüm meydana çıxdığı 7 matçda 10 qol vurub, 5 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bakıda keçirilən oyunda İsveç millimiz üzərində 3:1 hesablı qələbə qazanıb.