Avropa Liqasının 1-ci turunda “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Tottenhem” klubu təqvim sıxlığından əziyyət çəkir.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra üç gündən bir ağır matçlara çıxması baş məşqçi Ange Postekoqlunu narahat edir.
Paytaxt təmsilçisi sentyabrın 15-də “Arsenal”, 21-də “Brentford”la Premyer Liqa görüşünə çıxdıqdan sonra ayın 26-da “Qarabağ”ı qəbul edəcək, 29-da isə çempionat çərçivəsində “Mançester Yunayted”in qonağı olacaq.
Yunanıstanlı çalışdırıcı cəzalı olduğu üçün “Qarabağ”la qarşılaşmanı buraxacaq Kristian Romeronun yoxluğunda hansı seçimi edəcəyini də müəyyənləşdirib. Postekoqlu Azərbaycan çempionu ilə qarşılaşmada müdafiənin mərkəzində Miki van de Ven – Radu Draquşin tandeminə güvənəcək. Hücumçular Dominik Solanke və Rişarlison da böyük ehtimalla ağdamlılarla görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, “Tottenhem” “Qarabağ”la matçdan sonra 2-ci turda “Ferensvaroş”un qonağı olacaq. Azərbaycan təmsilçisi isə “Malmö”nü qəbul edəcək.