Müxtəlif tanınmış peşə sahibləri ilə, ictimai-siyasi və ya incəsənət sahəsində məşhurlaşan şəxslərlə futbol və ya idmanla bağlı söhbət etməyin ayrı ləzzəti var. Onların idmana yanaşma tərzi həmişə fərqli olub. Onlar adi azarkeşlər kimi fikirləşsə də, sözləri həmişə böyük önəm kəsb edib.
Belə böyük insanlar arasında Ramiz Həsənoğlunun yeri tamam ayrıdır. Azərbaycan televiziyası üçün böyük tamaşalara quruluş verən, bir neçə film çəkən böyük rejissorun təqdimatına ehtiyac yoxdur. Onun futbol həvəskarı olduğunu biləndən sonra üz-üzə əyləşib fikirlərini dinləməkdən gözəl heç nə ola bilməzdi.
– Ramiz bəy, futbola və idmana nə dərəcədə bağlı adamsınız?
– Belə deyək, yeniyetməlik illərimdə futbolla yox, amma idmanla məşğul olmuşam. Burada ucaboy olmağım da böyük önəm kəsb edib. Əvvəlcə, voleybolçu olmuşam. Vaxtilə “Məhsul” cəmiyyətində Şamil Şamxalovun başçılığı altında çıxış etmişəm. Yeri gəlmişkən, məşhur voleybolçumuz İnna Rıskal və İrma Poqorelskaya da bu cəmiyyətin üzvü olub. Biz hətta bir yerdə məşq də edirdik. Bir ara da mən “Dinamo” cəmiyyətində basketbolla məşğul olmuşam. Amma sonradan belə desək, idmanın daşını atdım. Futbola gəlincə, hamımız uşaq vaxtlarında məhəllədə top qovmuşuq. Mən “Təzəpir” məscidi tərəfdə, Mirzə Fətəli Axundov küçəsində məhəllə uşaqları ilə futbol oynamağı sevirdim. O vaxt mənimlə birgə elə orada Ramiz Əzizbəyli və Məhərrəm Bədirzadə kimi gələcəyin sənət adamları da topun arxasınca düşürdü. Həmyaşıd idik də. Hə, mərhum bəstəkar Ələkbər Tağıyevin oğlu da gəlib bizə qoşulurdu. Bir sözlə, futbolu çox sevirdim. Tətillərdə də gecə-gündüz məhəllədə futbol oynayardıq. Artıq 13-14 yaşa çatanda stadiona getməyə başladım. “Neftçi”nin gözəl vaxtlarını stadiondan izləmişəm. Bu haradasa, 1958-ci ildən etibarən başlayıb. 1960-cı illərdə mütamadi olaraq ovaxtkı “Neftyanik”in oyunlarını tribunadan izləmişəm. Onda da bilet almaq lazım idi, amma biz hasardan tullanırdıq. Milislər bizi qoymurdu, amma onlara əhəmiyyət vermirdik. Stadion da həmişə dolu olurdu. Heç yadımdan çıxmaz, komandamızın Minsk “Dinamo”sunu məğlub etdiyi oyundan sonra bütün stadiona yığışanlar əllərində qəzetləri yandırıb möhtəşəm bir atmosfer yaratmışdı. Yuri Kuznetsovun, Anatoli Banişevskinin oyunlarını stadiondan izləmiş adamam. Elə Əhməd Ələsgərovun həm oyunçu kimi çıxışını izləmişəm, həm də komandanı çalışdırmasına şahidlik etmişəm. Hələ Kazbek Tuayevdən danışmıram. Qapıçıların bəlası idi. Lev Yaşinin onun haqda məşhur sözünü də unutmuruq. Deyirdi ki, onun topu hara ünvanlayacağını müəyyənləşdirmək olmur.
– 1966-cı ildə Moskva “Spartak”ını 3:0 hesabı ilə məğlub etdiyimiz oyunda stadionda idiz?
– Deyəsən, hə. Amma həmin oyunun təfərrüatı tam yadımda deyil.
– Bəs, stadiona nəvaxta qədər getdiz?
– 1966-cı ildə dövlət televiziyasında işə düzəldim. Həmin vaxtdan sonra bir qədər oyunları stadiondan izləməyin başını buraxdım. Amma 1962-63-cü illərdə fəhlə kimi çalışanda həmişə arenaya gedə bilməsəm də, şənbə və ya bazar günləri bu şansdan yararlanırdım.
– Ucaboy olduğunuzu vurğuladınız. Dünya futbolunda ucaboy müdafiəçilər də olub, hücumçular da. Ramiz Rövşən sizin 50 illik yubileyinizdə yazmışdı ki, “sənin boyun uzundur, bax, gör qabaqda nə var”… Seçim olsa, hündürboy müdafiəçi olardız, yoxsa hücumçu? Arxada olub rəqib oyunçuları görmək istəyərdiz, yoxsa, hücumçu olub qapıçını?
– Yavaş-yavaş gəlib çatdıq əlliyə,
Nə tərifə möhtacıq, nə də ki, təsəlliyə,
Ötən günə gün çatmaz görən, sabahda nə var?!
Sənin boyun uzundur, bax, gör qabaqda nə var?!
Mənim üçün ideal futbolçu Roberto Karlos olub. Hərçənd o bəstəboy idi. Müdafiəçi olsa da, hücumçulardan geri qalmırdı. Mənim üçün boyun o qədər də böyük əhəmiyyəti yoxdur. Ancaq təbii ki, ucaboy futbolçular yuxarıdan gələn topları daha yaxşı yönləndirə bilir. Məsələn, Kriştianu Ronaldo.
– “Neftçi”nin keçmiş oyunçuları və baş məşqçiləri ilə kimlərlə şəxsi tanışlığınız olub?
– Mənim onların heç biri ilə münasibətim olmayıb. Amma dostum olan sevimli bəstəkarımız Cavanşir Quliyev Asim Xudiyevlə dostluq edib. 1-2 dəfə onları bir yerdə görmüşəm. Amma onlarla mənim dostluğum olmayıb. Belə baxanda, onlar kim, biz kim?! (gülür)
– Dünyaya İrəvanda göz açmısınız, doğrudur, orada səhv etmirəmsə, iki il yaşamısınız. “Neftçi” – “Ararat” rəqabəti sizin üçün daha həssas olardı yəqin ki. Komandamızın onlarla oyunlarında hansı hissləri keçirmisiz?
– Doğrusu, o vaxt vəziyyət indiki kimi siyasiləşməmişdi. “Ararat”ın oyunçuları da öz yerini yaxşı bilirdi, bizimkilər də vəziyyətdən xəbərdar idi. Biz milliyətçi olmamışıq. Amma onlar illər ötdükdə bizə yenidən düşmən kəsildi. Təbii ki, belə vəziyyətdə bizdə də onlara qarşı nifrət hissi yarandı. Doğrudur, millətin yaddaşından 1905 və 1918-ci illərin qırğınları silinməmişdi. Hər halda, Cəfər Cabbarlı kimi böyük dramaturqumuz “1905-ci ildə” pyesi ilə bu düşmənçiliyin səbəbini gələcək nəsillərə ötürmüşdü. Cabbarlı təqib altında olsa da, bu mövzuya toxunmuşdu. Bəlkə gələcəkdə vəziyyət bir qədər durulacaq, ola bilsin ki, düşmən kimi yaşamayacağıq, amma onların etdiklərini unutmayacağıq!
– Bir müddət Gəncədə yaşamısınız. Orada futbolu ən azı Bakı qədər seviblər. Bunu orada hiss etmisiz?
– Bəli. Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun futbol meydançası var idi. Biz orada yığışıb futbola baxardıq, bəzən də imkan verəndə biz də futbol oynayardıq. Hətta yadıma gəlir, bir dəfə meydanın bu başından o başına keçmək istəyəndə oyunçulardan biri topu elə vurdu ki, zərbədən yerə yıxıldlm. Hətta üz-gözüm də bir qədər cızıldı.
– Atanız Həsənağa Mirzəyev də sənət adamı olub. O da futbol fanatı idi?
– Elə də yox. Amma “Neftçi” qələbə qazananda sevinirdi, uduzanda əlini yelləyirdi ki, “eh, nəyimə lazımdır”?! (gülür)
– Futbola münasibətdən söz düşmüşkən, Azərbaycanın müqtədir aktyorları və rejissorları ilə bir yerdə fəaliyyət göstərmisiniz. Kim daha çox futbol xəstəsi idi?
– Bizim görkəmli rejissorumuz Vasif Babayev əsl futbol fanatıdır. Bu oyunu dəlicəsinə sevir. Bütün oyunları da izləyir. Onun bir yaxşı sözü var, “futboldan həzz alırsan, amma sən də gərək elə can yandırasan ki, oyunçular sənin onlara verdiyin dəstəyi hiss etsin, diqqət olduğunu anlasın”. Bəli, bizim elə aktyor və rejissorlarımız olub ki, əhəmiyyətli oyunlar zamanı işini atıb gedib matçı izləyirdi. Doğrusu, məndə onlar qədər fanatiklik olmayıb. Məndə futbol əndazədə olub. Amma “Real Madrid”in oyunundan həzz alıram. “Yuventus”u da bəyənirəm. Elə indinin özündə axşamlar yatmağa hazırlaşanda futbola baxıram. Ümumiyyətlə, yaxşı oyunlara baxanda dincəlirəm. Amma azarkeşi olmadığım komandaların oyununa baxanda dincəlirəm. Fanatı olduğum komandanın oyununu izləyəndə dincəlmirəm, həyəcanlanıram. Söhbət açılmışkən, sizə bir məqamı da deyim: bir rejissor kimi böyük futbolçuların aldığı böyük qonorarlara həsəd aparıram. Çünki onların illik maaşı “Azərbaycanfilm” kinostudiyasının büdcəsindən 10 dəfə artıqdır.
– Bu ədalətlidir? Ümumiyyətlə, futbolçuların aktyor və rejissorlardan çox qazanmasına münasibətiniz necədir?
– Söhbət ədalətdən getmir. Mənim buna qiymət verməyə haqqım yoxdur. Mən buna sadəcə təəssüflənə bilərəm. Bəli, idman milləti qabağa aparır. Amma milləti mədəniyyət qabağa aparmalıdır. Hüseyn Cavid elə-belə deməyib ki, “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”… Ümid edirəm ki, Qarabağda quruculuq işləri yekunlaşdıqdan sonra mədəniyyətə yeni baxış formalaşacaq.
– Ümumiyyətlə, truppa bir yerə yığılanda “Neftçi”nin çıxışları müzakirə olunurdu?
– Əlbəttə, olanda olur. O dövrdə də, elə indi də. Son dünya və Avropa çempionatında taleyükli oyunlar vaxtı qızğın müzakilərə gedirdi və sən də istər-istəməz bu söhbətlərdə iştirak edirsən.
– Televiziyada ilk quruluş verdiyiniz tamaşa “Onuncu planet” olub. Bunun da mənası aydındır. Günəş sistemində 9 planet var, hərçənd artıq Pluton da sıradan çıxıb. Əsl planetlər məlumdur. Onları futbol ölkələri ilə paralel götürsək, planet olar Braziliya, İngiltərə, İspaniya… Azərbaycan futbolu sizcə yöndəmsiz hərəkət edən asteroid və ya meteorit ola bilərmi?
– Yer kürəsi çox kiçikdir. İnteqrasiya sürətli şəkildə gedir. Mən ümid etmək istərdim ki, nəvaxtsa Azərbaycanda hansısa bir futbolçu dünyanın məşhur klublarının hədəfinə düşəcək. Türkiyəyə baxın – hazırda Arda Gülır “Real”da çıxış edir. Vaxt olub ki, “Neftçi” Bakıya gələn Türkiyənin hansısa bir komandasını 7:0 hesabı ilə darmadağın edib.
– Televiziyada Arif Babayev kimi rejissorlarla bir yerdə işləmisiz. Mən bildiyim qədəri ilə Arif Babayev “Neftçi”nin oyunlarında pult arxasında əyləşib. Sizin belə bir təcrübəniz olub?
– Bəli. 1969-cu ildə indiki Gəncənin “Dinamo” komandası SSRİ çempionatının güclülər dəstəsində Rusiyanın hansısa bir komandasını qonaq edirdi. Həmin oyunu mən 3 kamera ilə çəkib efirə verdim. Bu, mənim yeganə təcrübəm olub. Adam çatmırdı, nəticədə bunu mənə həvalə etdilər. O vaxt da mən hər şeyə baş soxurdum, qərara gəldilər ki, məni göndərsinlər. Çünki STS-dən başım çıxırdı. Arif Babayevə gəlincə, o hansı işlə məşğul olmayıb ki? O, mənim ustadım idi. Hamımız üçün nümunə idi. Onun üçün janr söhbəti yox idi. Bədii film də çəkirdi, futbol yayımı zamanı pult arxasına keçirdi, yeri gələndə, uşaqlar üçün veriliş də hazırlayırdı.
– Ümumiyyətlə, tamaşa və ya film hazırlamaq çətindir, yoxsa futbol yayımının rejissoru olmaq?
– Bəzən elə futbol oyunları olur ki, mən ona tamaşa kimi baxıram. Rejissor meydanda başverənlərdən elə görüntülər hazırlayır ki, bu, ustalıq tələb edir. Oyunçuların epizodlara olan münasibətinin görüntüləri, baxışlar… Rejissorlar təkcə hadisələri izləmir, onlar həmçinin onun içində olur. Bunun özü bir dramaturgiyadır. Bunlar hamısı futbolu daha gözəl edir.
– Görüntüdən söz düşmüşkən, VAR texnologiyasının futbolda tətbiqinə münasibətiniz necədir?
– Məncə, bu ədalətlidir. Əslində, texnologiya olanı göstərir. Ola bilər ki, epizod hakimlərin gözündən qaçır. Götürək elə Maradonanın DÇ-1986-da İngiltərəyə əllə vurduğu qolu. O vaxt VAR-dan istifadə edilsəydi, qol dərhal ləğv olunacaqdı. Yaxud Tofiq Bəhramovun DÇ-1966-nın finalındakı qərarı. İndiyə qədər onun mübahisəsi gedir. Həmyelimiz elə onunla da məşhurlaşdı.
– Bəhramovdan söz düşmüşkən, “Fatehlərin divan”ını çəkən Ramiz Həsənoğlu o televiziya filminə Tofiq Bəhramovun xəyali obrazını dəvət edib həmin qolu sorğulayardı? Ümumiyyətlə, o tamaşaya hansı idmançıları “çağırardız”?
– Mən o tamaşanı çəkərkən yazıçı Anar mənə dedi ki, Ramiz, mühakimə olunanlar arasında Füzuli, Nəsimi və ya Firdovsi kimi şəxsiyyətlər də olsa, maraqlı alınardı. Bu fikir mənim də xoşuma gəldi. Şəxsən, mən ora Məhəmməd Əlini dəvət edərdim. Onun Vyetnam müharibəsinə qarşı çıxması, İslamı qəbul etməsi, adını dəyişməsi diqqətçəkən məqamdır. Onunla bunları müzakirə etmək maraqlı olardı.
– “Evləri köndələn yar” teletamaşasında Səyavuş Aslan deyir ki, “Neftçi” yenə uduzdu”, Səməndər Rzayev də davam edir: “dublyor”lar heç-heçə oynayıb”. Ramiz müəllim, “Neftçi” elə ovaxtdan uduza-uduza gedir.
– O tamaşa 1981-ci ilin əvvəlində efirə getdi. Anar da onun ssenarisini 1980-ci ilin ilin sonlarında bizə təqdim etdi. Yəqin ki, “Neftçi”nin nəticələri o vaxt qənaətbəxş olmayıb ki, Anar onu elə təsvir edib. Yəni, futbol həyatımıza o dərəcədə sirayət edib ki, biz onu qabardırıq.
– “Qatarda” teletamaşasının rejissoru olan Ramiz Həsənoğlu Dadaşov, Fatı və Sabit Mirzənin obrazlarınının əvəzinə hansı futbolçuların personajlarını yaradardı?
– O personajlar qalardı, amma Həsən Əblücün yaratdığı Sabit Mirzə obrazının yerinə o dövrün məşhur futbolçusu yer ala bilərdi. Məsələn, elə İsgəndər Cavadov. Onda yəqin ki, İsi Məlikzadə ssenarini bir başqa cür yazardı.
– Sizin quruluş verdiyiniz möhtəşəm teletamaşalarınızın bəlkə də başında “Ac həriflər” dayanır. Əbdürrəhim bəy Haqverdiyev o dövrün intellegentlərinin iç üzünü açmışdı. Sizcə, indiki dövrdə Azərbaycan futbolçularına “Tox zəiflər” demək olar?
– Futbolda göstərici oyundur. Amma biz oyun göstərib Dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazana bilmirik. Təəssüf. Bu, bizi məyus edir. Azərbaycan futbolunun inkişafı üçün hələ çox çalışmaq lazımdır.
– “Qarabağ”ın Avropadakı çıxışı haqda nə deyə bilərsiniz?
– Mən hər şeydən əvvəl “Qarabağ”ın heyətinə baxıram. Start heyətində qərarlaşan 11 oyunçudan 9-u azərbaycanlı olmayanda bu, artıq məni narahat edir.
– Amma dünyada klub futbolunda artıq legionerin çoxluq təşkil etməsi adi haldır.
– Bəli, adi haldır. Məsələn, İtaliya çempionatında dünyanın hər yerindən futbolçular var. Amma italyanlar da dünyanın hər yerində oynaya bilir. İnteqrasiya qarşılıqlı olmalıdır. Azərbaycanda isə bu birtərəflidir. Görürsünüz, gürcülər necə dünyaya inteqrasiya edir.
– Sovet dövründə Tiflis “Dinamo”suna baxırdın, hamısı gürcü idi, “Ararat”da ermənilər oynayırdı, “Neftçi”də isə qarışıq idi vəziyyət. Elə indiyə gəlib çıxırıq, gürcülər və ermənilər Avropada, bizimkilər isə çox uzağa gedə bilmir, niyə belədir?.
– Çünki ifrat millətçilik bizə xas deyil. Yalnız 1990-cı illərdə ruslar və ermənilərin bizə qarşı qərəzli olmasından sonra ayıldıq. Amma yenə də postsovet məkanında ən çox rus təmayüllü məktəblər bizdədir. Bu, yenə də bizim millətimizin yumşaq olmasından irəli gəlir. Biz humanistik. Biz də onlar kimi öz oyunçularımızı yetişdirməliyik. Əcnəbilərin burada oynamasının qəti əleyhinəyəm. Mən çox istərdim ki, azərbaycanlı oyunçulardan ibarət komandamız Avropada uğurlu çıxış etsin.
– Azərbaycanda stadionlar da boşdur, teatr salonları da….
– Mən belə deməzdim. Teatrlara axın var.
– Doğrudur, amma onların əksəriyyəti dəvətnamə ilə gəlir.
– Onun artıq başqa səbəbləri var. Ola bilər ki, teatr biletlərinin qiyməti bahadır və bu, hamının cibinə görə deyil. Məncə, Azərbaycan kinosu ilə teatrı dirçəlişdədir. Həm də ki, bizim teatrda çalışanlarımız azərbaycanlılardır. Futbolda isə legionerlər…
– Pele, yoxsa, Maradona?
– Hər ikisi. Amma Maradonada Pele ilə müqayisədə emosianallıq daha yüksək dərəcədə idi. Pele isə daha texnikalı olub.
– Messi, yoxsa Kriştianu Ronaldo?
– Emosiyasına görə mənə Ronaldo daha doğma gəlir. Onun ağlamağını görəndə üzülürəm. Adam istəyir belə vəziyyətdə onu qucaqlasın. Messi bir az qapalıdır.
– Bəs, bu ikisi Pele və Maradonadan üstün sayıla bilərmi?
– Mənə elə gəlir ki, Messinin texnikası daha yüksəkdir. Amma mənə daha çox Ronaldinyo xoş gəlib. Bəlkə də ən sevdiyim oyunçu olub. Mən braziliyalı oyunçuları çox sevirəm. Yeri gəlmişkən, Braziliya millisi DÇ-1958-də qızıl medal qazananda onların çıxışlarını radio vasitəsilə izləyirdim. Onda Gəncədə idim. DÇ-1966-nı isə TV vasitəsilə izləmişəm. Həmin dövrdən mundialların hamısına baxmışam…
TAHİR MİRZƏ