AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadənin futbolinfo.az saytına müsahibəsi

– Milli komandamız Fernandu Santuşun rəhbərliyi altında ilk oyunlarını evdə İsveç və səfərdə Slovakiyaya qarşı keçirdi. Hər iki görüşdə qeydə alınan məğlubiyyəti adi qəbul etdiniz, yoxsa yığmamızdan uğurlu nəticələr gözləyirdiniz?

– İsveçlə matçda komandamız hücumda pis təsir bağışlamadı. Sadəcə, futbolçularımız qol epizodlarını dəyərləndirə bilmədilər. Üstəlik, ilk hissənin sonlarında penaltidən də yararlanmağı bacarmadıq. Ələ düşən imkanlardan istifadə edə bilsəydik, oyun başqa cür nəticələnərdi. Komanda şəklində müdafiə olunmağımızda problem var idi. Hücumameylli futbolçularımız müdafiəyə lazımınca kömək edə bilmirdilər. Bu da ikinci hissədə özünü hesabda göstərdi. İsveç yığmasının hücum xətti yaxşı futbolçulardan təşkil olunub. Bizdən fərqli, onlar imkanlardan istifadə edə bildilər. Slovakiya ilə matça gəldikdə isə Fernandu Santuş İsveçlə oyunun heyəti ilə müqayisədə 5 dəyişiklik etmişdi. Belə başa düşdüm ki, Santuş millinin digər üzvlərini də beynəlxalq matçda iş başında görmək istədi. O, futbolçuların bu oyunlardakı çıxışından özü üçün müəyyən nəticələr çıxaracaq. Gördüyüm qədərilə, Santuş çalışır ki, komanda daha çox hücumda olsun, hücuma daha çox qüvvə ilə çıxsın.

– Santuş qısa zamanda yığmamızın oyun tərzində özünəməxsus nəsə edə bilmişdi? Millimizin oyununda hansısa fərqli element hiss etdinizmi?

– Hələ ki, hansısa fərq barədə danışmaq çətindir. İki oyun yeni baş məşqçinin fərq yaratması üçün az müddətdir. Ola bilər ki, gələcək matçlarda fərqli nələrsə görək.

– İki məğlubiyyətlə Millətlər Liqasındakı şansımızı da itirdik…

– Bəli, iki məğlubiyyətdən sonra o dərəcədə də şansımız yoxdur. Yəqin ki, Estoniya ilə aramızda qrup üçüncülüyü uğrunda mübarizə gedəcək.

– Vaxtilə çalışdırdığınız U-21 millisi Bakıda üstələdiyi Lüksemburq yığması ilə səfərdə bacarmadı. Bu görüşdən məğlubiyyət gözləyirdiniz? Sizcə, yenilgiyə səbəb nə oldu?

– U-21-in Lüksemburqla matçını canlı izlədim. Açığı, futbolçularımızdan belə oyun gözləmirdim. Lüksemburqlu oyunçular bizimkilərdən qat-qat güclü deyillər. Düzdür, rəqib topla davranışda müəyyən dərəcədə üstün idi. Amma ümumilikdə matç bərabər səviyyədə gedirdi. İki fərdi səhv üzündən uduzduq. Bir var ki, rəqib hansısa kombinasiya qura və ya fərdi bacarıq sayəsində qol vursa, belə olmadı. Öz səhvlərimizə görə iki qol buraxdıq. Nə bizim, nə də rəqibin yüzfaizlik qol epizodu oldu. Heç nədən qollar buraxmağımız məğlubiyyətə səbəb oldu. Penalti epizodunda futbolçumuzun arxadan rəqibə sürüşmə fəndi etməsinə lüzum yox idi.

– U-21 bu gün Serbiya önündə nəsə edə bilərmi?

– Heyətdə müəyyən dəyişikliklər görə bilərik. Əsas yığmadan Yusif İmanov və Nəriman Axundzadə U-21-ə qoşuldu. Evdə oynayırıq. Komandamız çalışacaq ki, yaxşı oyun sərgiləsin. 21 yaşlıları qınayırıq, amma bunların çoxunun oyun təcrübəsi yoxdur. Bir-ikisini çıxmaq şərtilə, öz klublarında müntəzəm oynamırlar, ehtiyatda qalırlar. Və ya I Liqada çıxış edən oyunçulardır, onlarda isə hələ çempionat başlamayıb. Futbolçuların oyun praktikalarının olmaması onlara beynəlxalq matçlarda problem yaradır.

AĞA

Shares: