UEFA Millətlər Liqasında yeni mövsümə ardıcıl iki məğlubiyyətlə start verən Azərbaycan millisində ən çox gündəm mövzusuna çevrilən futbolçu kapitan Emin Mahmudov olub.
Futbolinfo.az saytının məlumatına görə, yarımmüdafiəçi Bakıda İsveç önündə yubiley matçına çıxıb, Koşitsedə isə Slovakiya ilə qarşılaşmada ehtiyatda qalıb.
Mahmudov milli tarixinin ən məhsuldar futbolçusuna çevrilmək üçün lazım olan bir qolu vura bilməsə də, yığmanın heyətində 50 oyun səddinə çatıb. O, İsveçlə görüşdə milli forma altında 100-ü yarılayıb. Mahmudov 32 illik yığmamızda 50 matça çatan 20-ci futbolçu olub. Bu baxımdan rekordçu sabiq kapitan Rəşad Sadıqovdur. Hazırda “Zirə”ni çalışdıran mütəxəssis millidə 111 dəfə meydana çıxıb.
Milli karyerasını davam etdirənlərdən daha 2 oyunçu “20-lik”də qərarlaşır. Onlardan müdafiəçi Bədavi Hüseynov matç sayını 73-ə çatdırmaqla yuxarı pillələrə bir qədər də yaxınlaşıb. Hazırda yığmada ən çox oyun keçirən 9-cu oyunçu olan Hüseynov daha iki görüşə çıxmaqla Mahmud Qurbanov və Tərlan Əhmədova (hər ikisi 75 oyun) çatacaq.
Hücumçu Ramil Şeydayev isə qarşılaşma sayını 65-ə yüksəltməklə 11-ci pillədəki Emin Ağayevə şərik olub. Şeydayev hazırda sabiq baş məşqçisi Qurban Qurbanovdan cəmi 3 oyun geri qalır.