Sentyabrın 13-də Misli Premyer Liqasında qısa fasilə başa çatacaq.

Futbolinfo.az xəbər verir ki, həftəsonu 6-cı turun matçları keçiriləcək. Baş tutacaq qarşılaşmalar bəzi seriyaların qırılmasına və ya davam etməsinə səbəb ola bilər…

– “Kəpəz” cari mövsümün autsayderi olsa da, “Araz-Naxçıvan”la oyunlar gəncəlilər üçün müsbət nəticəyə ümid verir. Çünki komanda son 3 matçda qələbə qazanıb, həmçinin 4 görüşdür rəqibin qapısına qol vura bilir. Naxçıvan təmsilçisi ev oyununda son qalibiyyətini 23 il əvvəl – 2001-ci ildə əldə edib.

– “Şamaxı” ilə “Sumqayıt” Premyer Liqa çərçivəsində 44-cü dəfə üz-üzə gələcək. Bu illər ərzində müxtəlif adlar altında çıxış edən birincilər qələbə sayında üstündürlər – 18:12. Amma komandalar arasındakı son iki qarşılaşmada “kimyaçılar” qol buraxmayıblar. Digər tərəfdən isə “Sumqayıt” son üç səfər matçında qələbə üzü görməyib. “Gənclik şəhəri” təmsilçisi axırıncı səfər qalibiyyətini 3 il əvvəl – 2021-ci ildə qazanıb.

– “Səbail” “Qarabağ”ı indiyə qədər səfərdə məğlub edə bilməyib. Bakılıların aktivinə səfərdə 3 xal yazılan yeganə qarşılaşma 2018-ci ilə təsadüf edib. Onda da “Qarabağ” texniki məğlubiyyət alıb. Ağdamlılar indiyə qədər çempionat çərçivəsində “Səbail”lə keçirdiyi bütün matçlarda qol vura bilib.

– 2015-ci ildən başlayan “Zirə” – “Neftçi” rəqabətində bazar günü 35-ci duel reallaşacaq. Maraqlıdır ki, bu komandaların son 6 matçında qonaqlar qələbə qazana bilməyiblər. “Neftçi” son 8 qarşılaşmanın hamısında qol vurmağı bacarıb. “Neftçi” səfərdə aktivinə 3 xal yazdıra bilsə, ümumi qələbə sayını bərabərləşdirəcək. Bugünə qədər “Zirə” 13, “Neftçi” isə 12 dəfə qələbə sevinci yaşayıb.

– “Sabah”la “Turan Tovuz”un görüşlərində də bənzər mənzərədir. Bakılılar 4, tovuzlular isə 3 dəfə rəqibini xalsız qoyub. “Turan Tovuz” şəxsi matçlarda rəqibindən cəmi 1 qol çox vurub – 11:10. Bölgə təmsilçisi bütün səfərlərdə qol vurubsa, paytaxt komandası son üç ev qarşılaşmasında qalib gələ bilməyib.

Shares: