Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət milli komandaların idmançıları, məşqçiləri və tibbi-dəstək heyəti ilə görüş keçirib.
Futbolinfo.az xəbər verir ki, görüş zamanı federasiya prezidenti komanda üzvlərini Yeniyetmələrin Dünya Çempionatı və Gənclərin Avropa Çempionatında qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib.
Rəşad Nəbiyev görüşdə gənc idmançıların komanda yarışlarında göstərdikləri əzm və fədakarlığın təqdirəlayiq olduğunu vurğulayıb.
Bu qələbələrin cənab Prezident İlham Əliyevin cüdonun inkişafına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olduğu qeyd edilib.
Görüşdə həmçinin Azərbaycanın ən ucqar bölgələrində belə cüdo zallarının açılması, mövcud cüdo obyektlərinin infrastrukturunun yaxşılaşdırılması bildirilib. Bu addımların ölkədə cüdonun inkişafına töhfə verəcəyi qeyd olunub.
ACF prezidenti idmançılara gənclərin Dünya Çempionatında və digər yarışlarda uğurlar arzulayıb, onların potensiallarını tam həyata keçirmələri üçün zəruri resurs və dəstəyin təmin olunacağını bildirib.
Qeyd edək ki, yeniyetmələrdən ibarət milli yığma dünya çempionatında 2 qızıl və 2 bürünc medal qazanıb. Azərbaycan ümumkomanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci, oğlanların sıralamasında isə Yaponiya da daxil olmaqla bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.
Gənclərdən ibarət yığma komandamız isə Avropa çempionatının fərdi yarışlarında 4-ü qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 8 medal əldə edib. Beləliklə, Azərbaycan ümumkomanda hesabında 1-ci yeri tutub. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci yerdə qərarlaşıb. Avropa çempionatının qarışıq komanda yarışında isə Azərbaycanın gənclərdən ibarət cüdo yığması tarixində ilk dəfə qızıl medal qazanıb.