Azərbaycan yığmasının və “Turan Tovuz” klubunun müdafiəçisi Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə yığma komandanın Millətlər Liqasında İsveç və Slovakiya ilə keçirdiyi oyunlardan başlayaq. Hər iki görüşdə məğlubiyyətin (1:3, 0:2) qeydə alınmasının səbəbini nədə görürsünüz?
– İsveçlə görüşdə məğlub olmaya da bilərdik. İlk hissədəki şanslarımızı dəyərləndirsəydik, ən azı uduzmazdıq. Bakıdakı matçda komandamızın daha yaxşı oyun göstərdiyini düşünürəm. Slovakiya ilə qarşılaşma isə daha çətin keçdi. Komandadan komandaya fərq var. Səfərdə oynayırdıq, bilirdik ki, Slovakiya millisi azarkeşləri önündə meydana qələbə üçün çıxacaq. Hər iki matçda uduzduq. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmağa çalışacağıq.
– Slovakiya ilə matçın ikinci hissəsində siz də oynamaq imkanı qazandınız. Uzun müddət idi ki, yığmada oyun keçirmirdiniz. Meydana çıxanda həyəcan var idimi?
– Düzdür, 2 ildən artıq olardı ki, milliyə dəvət almırdım. Buna baxmayaraq, həyəcan yox idi. Millidə oynamaq hamımız üçün qürur hissidir. Hər bir oyunçu yığmanın formasını geyinmək istəyər.
– Millinin gələn ay keçirəcəyi oyunlara da dəvət alacağınıza inanırsınız?
– Milli elə bir yerdir ki, oraya formada olan futbolçular çağırılır. Çalışacağam ki, çempionat oyunlarında özümü yaxşı tərəfdən göstərim. İdeal formada olmalıyıq ki, millinin baş məşqçisinin diqqətini cəlb edək və yenidən yığmaya dəvət alaq.
– Növbəti sual “Turan Tovuz” haqdadır. Komandanız Misli Premyer Liqasında 5 turdan sonra turnir cədvəlinə başçılıq edir. Bu startı gözləyirdiniz?
– Bəlkə də çox adam çempionatın startında “Turan Tovuz”dan bu cür çıxış gözləmirdi. Biz bütün matçlarda ideal oynamağa, xallar qazanmağa çalışırıq. Şükürlər olsun ki, 5 oyunda məğlub olmamışıq. Bunun davamını gətirməyə çalışacağıq. Hər dəfə qələbə qazandıqca futbolçularda özünəinam hissi daha da artır.
– Çempionatda növbəti görüşü səfərdə “Sabah”a qarşı keçirəcəksiniz. Məğlubiyyətsizlik və qol buraxmamaq seriyasını bu matçda da davam etdirə biləcəksiniz?
– “Sabah”ın da performansı yaxşıdır. Çempionatda inamlı təsir bağışlayırlar. Ötən tur “Kəpəz”lə oyunda 0:2 hesabı ilə geridə olduqları halda, yekunda 3:2 hesablı qələbə qazandılar. Bizi ağır matç gözləyir. Rəqibi düzgün analiz etməyə, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bu görüşdən xal və ya xallarla ayrılmaq istəyirik. Çempionatın əvvəlində qazanılan xallar komandanı çox irəli aparır. Qələbələr sayəsində yuxarı pillələrdə uzun müddət qala bilirsən.
FƏRİD