“Ferrari” komandasının rəhbəri Frederik Vasyör Azərbaycan qran-prisindəki perspektivləri haqqında danışıb. O, komandadan daha bir güclü performans gözlədiyini bildirib.
Vasyörün fikrincə, “Skuderiya”nın növbəti uğur üçün kifayət qədər şansı var: “Monzadakı qələbədən sonra komanda yüksəlişdədir və uğurlu çıxışını davam etdirmək əzmindədir. Biz yenə də dörd komandanın iştirakı ilə çox sıx mübarizə izləyəcəyik.
Əvvəllər də dediyim kimi, biz ilk növbədə özümüzə diqqət yetiririk və indi aydın olur ki, bu, işə düzgün yanaşmadır. Mövsümün əvvəlindən artıq bir neçə dəfə pelotonda qüvvələr balansında kəskin dəyişikliklərin şahidi olmuşuq”.
“Bakıda Şarl Lekler və Karlos Saynsla birlikdə yenə də hər şeyi mükəmməl etməyə və komanda üçün daha bir yaxşı nəticə əldə etməyə çalışacağıq”, – deyə komandanın direktoru qeyd edib.
Xatırladaq ki, son İtaliya qran-prisinin qalibi Şarl Lekler olmuşdu.