“Zirə”nin müdafiəçisi Məqsəd İsayevin futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”la matçda 1:3 hesabı ilə uduzdunuz, baxmayaraq ki, yaxşı mübarizə aparmışdınız…
– Ağır oyun oldu. “Qarabağ”ın gücü hamıya bəllidir. Buna baxmayaraq, var gücümüzlə mübarizə apardıq. Rəqibdən geri qalmırdıq, amma çox təəssüf ki, nəticə istədiyimiz kimi olmadı.
– Premyer Liqanın startından bu tərəfə 4 oyun keçirmisiz, 6 xalınız var. Nəticəni qənaətbəxş saymaq olar?
– Bilirsiz ki, Premyer Liqa başlayanda biz paralel olaraq həm də avrokuboklarda iştirak edirdik. 3-4 gündən bir oyun, uzun səfərlər bir az əlavə çətinliklər yaradırdı. Amma bununla belə, qənaətbəxş saymaq olar.
– Ümumiyyətlə, komanda ötən il yaxşı nəticə qazandı. Güclü “Qarabağ”dan sonra ikinci oldunuz. Bu nəticəni təkrarlamaq mümkün olacaq?
– Nəticənin necə olacağını zaman gpstərəcək. Amma əsas məqsədimiz yenidən avrokuboklarda iştirak etməkdir.
– Qarşıda “Neftçi” ilə oyun var. Rəqib isə mövsümə çox pis start verib, psixoloji olaraq çətin durumdadırlar. Səncə, qələbə qazana biləcəksiz?
– Qələbə qazanmağı çox istərdik. Çünki özümüzün də 3 xala ehtiyacımız var. “Neftçi” hər nə qədər zəif start götürsə də, gücü hamıya məlumdur. Heyətində çox keyfiyyətli futbolçular var, hər an oyunun taleyini həll edə bilərlər.
– Ümumi olaraq, builki mövsümü ötənilkindən fərqləndirən nə var? Səncə, keyfiyyət yüksəlib?
– Mövsüm hələ yeni başlayıb. 5 oyunla qiymət vermək çətindir. Amma asan mövsüm keçməyəcəyi dəqiqdir. Bizi sona qədər gərgin mübarizə gözləyir.
– Milli komandamız Millətlər Liqasında İsveçə 1:3, Slovakiyaya 0:2 uduzdu. Bu oyunlar barədə düşüncələrin nədir? Demək olarmı ki, yenə də Millətlər Liqasından final mərhələsinə yüksəlmək şansımızı startda itirdik?
– Şansımız hələ də qalıb. Amma vəsiqə qazanmaq bir az çətin olacaq. Qrupumuz çox ağırdır. Amma ümid edirəm yekun cədvəldə yaxşı pillədə qərarlaşarıq.
AĞA