“Pirelli” təkər istehsalçısı əvvəlki illərdə olduğu kimi, Formula 1-in Azərbaycan qran-prisi üçün ən yumşaq üçlüyü hazırlayıb: Bakıda C3 – Hard (ağ), C4 – Medium (sarı) və C5 – Soft (qırmızı) kimi görəcəyik.

“Baku City Circuit” küçə trassı olduğundan və ilboyu adi hərəkət üçün açıq olduğundan, təkərlərin effektivliyinin qiymətləndirilməsinə təsir edən vacib amillərdən biri asfalt örtüyünün vəziyyətinin dəyişmə dinamikası olacaq. Bundan əlavə, sentyabr ayında Bakıda hava şəraiti kifayət qədər isti olur: temperaturun keçən il yazda keçirilən qran-pridən daha yüksək olacağı gözlənilir.

Həmçinin nəzərə almaq lazımdır ki, trasın asfaltı müxtəlif hissələrdə fərqli şəkildə qızır, bu da onların günəş altında və ya İçərişəhər hissəsinin dar küçələrində yerləşən binaların kölgəsində olmasından asılıdır.

Nəhayət, maşınların idarə olunmasına küləyin istiqaməti və gücü təsir edə bilər, bu da adətən daim dəyişir və sürücüləri çaşdıra bilər. Əsas düzlükdə sürətlər çox yüksəkdir – 2016-cı ildə Azərbaycan paytaxtında ilk yarış həftəsonu zamanı Valtteri Bottas “Williams” maşınında məşqlərdə rekord 378 km/saat sürət yığmışdı. Belə sürətlərdə təkərlər aşağı asfaltayatma qüvvəsinin təsiri altında maksimum yüklənməyə məruz qalır.

Bununla belə, trasda tamamilə əks tənzimləmələr tələb edən digər bölmələr də var, buna görə də komandalar maşınların aerodinamikasını çox aşağı asfaltayatma qüvvəsinə tənzimləyə bilməzlər, axı İçərişəhərin dar küçələrindən keçən yavaş hissədə də normal ilişmə əldə etmək vacibdir. İstənilən halda, orada yumşaq tərkibli təkərin təmin etdiyi mexaniki ilişməyə tam etibar etmək lazım gələcək.

Adətən Bakıda yarış bir pit-stopla keçirilir və sürücülər məsafənin əhəmiyyətli hissəsini “Hard” tərkibində qət edirlər. Trasın konfiqurasiyası ötmə imkanları nəzərdə tutsa da, xüsusən start-finiş düzlüyünün sonunda, əslində belə manevrlər etmək o qədər də asan deyil.

Nəzərə alsaq ki, müxtəlif komandaların maşınlarının sürət imkanları tamamilə müqayisə oluna bilər və bu il onlar arasındakı fərq minimaldır, trasdakı mübarizənin xarakterinə DRS-in effektivliyi təsir edəcək.

Bundan əlavə, komandalara müxtəlif gözlənilməz hallara reaksiya vermək lazım gələcək, çünki bu trassda təhlükəsizlik maşını ilə yarışın neytrallaşdırılması ehtimalı çox yüksəkdir. Keçən il, demək olar ki, hamı Medium tərkibində start götürmüşdü, sonra 11-ci dövrədə trassa Təhlükəsizlik Maşını çıxanda “Hard”a keçmişdilər.

RƏHİM ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp